Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin ilk rübünün yekunları ilə bağlı müşavirə keçirilib. Müşavirədə geniş və ətraflı nitq söyləyən dövlət başçısı, həm bu ilin ilk üç ayında əldə etdiyimiz uğurlardan, həm də Vətən müharibəsindən sonra gedən proseslərdən bəhs edib. Bildirib ki, bu il əldə etdiyimiz uğurlar, ötən ilki fəaliyyətimizin davamı kimi qiymətləndirilməlidir.
Dost da, düşmən də qəbul edir ki, Azərbaycanda müasir dövrün tələbləri ilə ayaqlaşan, inkişafa yönəlmiş sistem mövcuddur. Müharibədən sonra aparılan uğurlu siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələr, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlər yeni reallıqlara gətirib çıxarıb.
2022-ci ilin ilk rübünün yekunlarına həsr edilən müşavirədə Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri də, nüfuzlu beynəlxalq təşkilatlarla olan əlaqələrimizin gücləndirilməsi, eləcə də yeni münasibətlərin yaradılması oldu. Bizim dünyanın aparıcı təşkilatları ilə əməkdaşlığımız son illərdə daha da güclənmiş və bu həmin qurumların Azərbaycanın haqq işini dəstəkləməsinə, yaranan yeni reallıqları qəbul etməsinə gətirib çıxarmışdır..
Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir.
BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu çox əlamətdar hadisədir. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.
BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür.
Digər böyük beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə – Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.
Dövlət Başçımızın qürurla vurğuladığı kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalq-iqtidar birliyi dayanır. Möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən siyasi kurs Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb.
Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının əməkdaşı

