Ölkəmiz 2022-ci ildə də mühüm uğurlara imza atacaq
Aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə olduğu kimi bütün sahələri əhatə edən canlı inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. İqtisadiyyat, siyasət, sosial məsələlər, mədəniyyət, hərbi quruculuq, aqrar sahədə də müsbət irəliləyişlər davam edir.
Dövlətimizin başçısı İlham Əliyev müşavirədə beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətimizdən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən, müharibədən dərhal sonra aparılan siyasətdən, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimizdən, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələrdən, müharibədən sonra Müdafiə Nazirliyində aparılan struktur islahatlarından, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldığından, daxili və və xarici ticarətdən, qeyri neft sektorundakı artımlardan və bir çox mühüm məsələlərdən söhbət açdı.
Dövlət başçısını çıxışında bildirdi ki, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.
Biz füzulilər üçün də müjdəli xəbərlərdən biri Füzulinin Dövlətyarlı kəndinin tikilib qurulmasına bu il başlanılacağı oldu. Bundan başqa Füzulidə 180 çarpayılıq xəstəxananın inşasına start verilib.
Ölkə başçısı onu da vurğuladı ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq.
Bəli, biz buna əminik! Xalq öz prezidentinə inanır, güvənir. Biz əminik ki, Azərbaycan 2022 -ci ildə də bütün dünyaya uğurlu siyasəti ilə öz sözünü deyəcək. Qarabağımız məhz İlham Əliyev Cənablarının sayəsində sözün əsl mənasında cənnətə çeviriləcək və yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacaq, Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaq!
Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək gələcəyə daha böyük inamla addımlayacaq. Bir sözlə 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə də yeni-yeni uğurlara nail olacaq.
İlahə Novruzova,
Füzuli rayonu 45 №li tam orta məktəbin direktoru

