Bu gün Azərbaycan günü-gündən inkişaf edir
Tarixi Zəfərimizlə qüdrətli,müzəffər xalq olduğumuzu bir daha bütün dünyaya sübut edərək Cənubi Qafqazda və eləcə də, beynəlxalq arenada yeni reallıqların təməli qoyuldu
Məlum olduğu kimi Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə ötən müddət ərzində dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkədə siyasi, sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün tədbirlər barəsində ətraflı şəkildə bəhs olunmuş, eyni zamanda geniş həcmli nitq ilə çıxış edən dövlətimizin başçısı Vətən müharibəsindən ötən müddətdə respublikada reallaşdırılan inqilabi xarakter daşıyan geniş həcmli layihələr, eləcə də,bir sıra vacib məqamlara toxundu.
Azərbaycan istər postmünaqişə dövrünün birinci ilində, istərsə də cari ilin ilk üç ayı ərzində qarşıda duran bütün vəzifələri uğurla icra etmiş və bir sıra yüksək nəticələr qazanmışdır. 2021-ci il məhz müharibədən sonra keçən birinci il kimi ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir. Keçən il Azərbaycan eyni zamanda iki böyük məsələnin həllinə nail olmuşdur. Bu vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinə start vermək, digəri isə bu proseslərlə parallel olaraq ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə qəbul etdirmək idi ki, artıq bu gün hər iki istiqamət üzrə əldə olunmuş nəticələr göz qabağındadır. Postmüharibə dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışarkən, ölkəmizin beynəlxalq təşkilatlarla təmasları və fəal əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Bu barədə prezident cənab İlham Əliyev aprelin 12-də keçirilmiş və bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı ətraflı şəkildə şərh etdi. Cənab prezident qeyd etdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. Xüsusilə, bir müddət əvvəl BMT xətti ilə Şuşa şəhərində Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. Ölkəmiz BMT-yə üzv olandan sonra işğal dövründə BMT və qurumun Təhlükəzlik Şurası Azərbaycanın xeyrinə bir neçə ədalətli qərar qəbul etmişdir. Lakin bu qərarlar 30 ilə yaxın bir müddət ərzində kağız üzərində qaldı.
Dövlət başçımız eyni zamanda postmüharibə dövründə Azərbaycanın digər mötəbər qurum Avropa İttifaqı ilə təmasları mövzusuna da toxunaraq bildirdi ki, bu əlaqələr xüsusilə intensiv xarakter daşımışdır, Aİ birmənalı olaraq postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Bunun nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq qəbul olunmuş yekun sənəddə “Dağlıq Qarabağ” ifadəsi və “münaqişə” sözü yoxdur. Çünki Azərbaycan birmənalı olaraq bəyan edib ki, münaqişə artıq həll olunub və Azərbaycan ərazisində “Dağlı Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu gün Avropa ittifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılmasında həqiqətən də maraqlıdır. Bu normallaşmaya doğru ilk addımın atılması üçün Azərbaycan 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Bu isə özlüyündə, cox müsbət bir haldır və eyni zamanda nəticə etibarı ilə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması üçün vacib şərtdir.
Dövlətimizin başçısı eyni zamanda müşavirədə Ermənistanın işğal dövründə törətdiyi vandal hərəkətlər barədə danışarkən, düşmənin ekoloji terroru nəticəsində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ziyan vurulduğunu diqqətə çatdırdı və hazırda bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirdi. Cənab prezident çıxışı zamanı həmçinin düşmənin Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay və Oxçuçay kimi çaylarımızı da düşmənin vəhşicəsinə istismar etdiyini, Oxçuçayın fəlakətli həddə çatdırıldığını vurğuladı. Eyni zamanda çaylarımıza qənim kəsilənlərin,qızıl və digər yataqlarımızı qanunsuz istismar edən şirkətlərin də cəzasız qalmayacaqlarını dövlətimizin başçısı çıxışı zamanı qətiyyətlə vurğuladı.
Ölkə başçımız müşavirədə qeyd etdi ki, Qarabağın işğaldan azad olunmasına Azərbaycan siyasətində hər zaman prioritet istiqamət kimi yanaşılıb. Dövlətimizin başçısı Minsk qrupunun fəaliyyəti mövzusuna toxunaraq qeyd etdi ki, münaqişə dövründə ATƏT-in Minsk qrupuna böyük ümidlər bağlansa da, gözləntilər əksinə olaraq özünü doğrultmadı. Ölkə başçımızın qeyd etdiyi kimi bütün bunlara baxmayaraq münaqişə özümüz tərəfindən hərbi yolla heç bir dəstək, yardım olmadan aradan qaldırıldı, nəticədə xalqımız tarixi ədaləti bərqərar edərək, 30 illik həsrətdən sonra işğal faktoruna son qoydu. Hansı ki, Minsk qrupunun uzun bir müddətdə reallaşdıra bilmədiyi ədaləti ölkəmiz prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun fədakarlığı sayəsində cəmi 44 gün ərzində reallaşdırdı. Bununla Azərbaycan eyni zamanda güclü dövlət, sarsılmaz və yenilməz iradəyə malik böyük xalq olduğunu nümayiş etdirərək, eləcədə, tarixi Zəfərimizlə qüdrətli,müzəffər xalq olduğumuzu bir daha bütün dünyaya sübut edərək Cənubi Qafqazda və eləcə də, beynəlxalq arenada yeni reallıqların təməlini qoydu.
Mövcud vəziyyət isə möhtəşəm Zəfərimizdən sonra dünyanın Azərbaycana böyük maraq göstərməsinə əsaslı təsir göstərib. Ölkəmizlə biznes əlaqələri yaratmaq istəyi, iqtisadi tərəfdaşlıq mövqeyi ifadə olunan müraciətlərin günbəgün artması ilə müşayət olunur. Bu isə eyni zamanda mövcud reallıqlar zəminində Azərbaycanın nüfuz göstəricisinin bariz nümunəsidir.
Müşavirədə keçmiş məcburi köçkünləri əzəli torpaqlarına qaytarmaq üçün kompleks tədbirlər görüldüyünü vurğulayan cənab prezident işğal dövründə düşmən tapdağı altında qalan, vandalizmin qurbanı olan şəhər və kəndlərimizdə artıq bir ildən çoxdur ki, bərpa, infrakstruktur layihələrin reallaşdırıldığını da qeyd etdi. Belə ki, Zəngilan və Laçında aeraportların tikintisi sürətlə həyata keçirilir, Füzuli Beynəlxalq hava limanı uğurlu fəaliyyət göstərir. Bu limanların sözsüz ki, geniş perspektivlərə yol açmaqla yanaşı, inkişafa, tərəqqiyə mühüm töhfələr verəcəyi də şübhəsizdir. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında körpülər salınır, iş yerlərinin açılmasına müsbət təsir göstərəcək sənaye parkları yaradılır və digər bu kimi işlərin reallaşması hazırda planlaşdırılır. Həmçinin müasir innovasiyalara əsaslanan yaşayış evləri tikilir. Şübhəsiz ki, bütün bunları Azərbaycan öz daxili gücü hesabına həyata keçirir. Cənab prezidentin qeyd etdiyi kimi, Qarabağ da, Zəngəzur da nümunəvi bir bölgə kimi yenidən qurulur və vətəndaşlarımızı orada rahat, firavan bir həyat gözləyir. Həyata keçirilən bütün bu proseslər həm də dünya üçün Azərbaycan nümunəsində bir örnəkdir.
Cənab Prezidentin çıxışı zamanı incə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan güclü, Ermənistan isə zəif tərəfdir. Ermənistanın bütün davranışları da məhz bu amilə söykənir. Bu gün Azərbaycan günü-gündən inkişaf edir, güclənir, dövlət başçımız möhtərəm prezidentimizin rəhbərliyi ilə daha böyük qələbələrə, zəfərlərə doğru irəliləyir. Tarixinin ən qüdrətli dövrünə qədəm qoyan qüdrətli Azərbaycan hələ bundan sonra daha möhtəşəm zəfərlərə imza atacaq, işğaldan azad olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən gülüstana çevriləcək və ən qısa zamanda xalqımız keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasına, onların firavan, xoşbəxt yaşamasının şahidlik edəcəkdir.
YAP Göyçay rayon təşkilatının fəalı :
Samirə Vəliyeva

