Region Xəbərləri 

Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə bir çox məsələlərlə yanaşı Ali Baş Komandan Şuşa şəhərində görülən işlər barəsində də çıxışında geniş yer ayırmışdır. 1992-ci ilin may ayında mədəniyyət beşiyimiz olan Şuşamız mədəniyyətdən uzaq olan mənfur ermənilər tərəfindən işgal olunmuşdur. Şuşanın işğalından sonra ermənilərin  tarixi və dini abidələri viran qoyması nəticəsində şəhər öz tarixi simasını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Bu gün Ali Baş Komandanımızın  rəhbərliyi ilə müzəffər ordumuzun düşmən işgalından azad etdiyi şəhərlər arasında Şuşamız da var. Aprelin 12-də keçirilən müşavirədə  prezident İlham Əliyev Şuşa haqqında belə demişdir: “Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya qayıtmışıq, biz Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq. İndi digər tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir”.

Bəli bunlar görüləcək layihələrin bir hissəsidir ki, Prezidentimiz öz çıxışında vurğuladı. Görülən işlər Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır. Cənab Prezidentin vurğuladığı kimi, “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.

Emin Haqverdiyev,
YAP Tərtər rayon təşkilatı Uşaq Musiqi Məktəbi ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər