Azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik
Prezident İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki bu fikri bir daha təsdiq edir ki, dövlətimizin böyük maliyyə resurları tam şəkildə xalqın xoşbəxt gələcəyinə hesablanıb
Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan xalqının gündəlik maraq dairəsində olan qazanılmış uğurlarla yanaşı, qarşıda duran bir çox vəzifələrə aydınlıq gətirilib.
Dövlət başçısı müşavirədəki giriş və yekun nitqlərində konkret rəqəmlərlə, faktlarla sosial-iqtisadi, maliyyə-büdcə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələrinin icrası, Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyət, Silahlı Qüvvələrdə aparılan struktur islahatları, beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əməkdaşlıq sahəsində əldə olunmuş nailiyyətlər haqqında ölkə ictimaiyyətini məlumatlandırıb.
Dünya iqtisadiyyatında mənfi tendensiyaların artmasına baxmayaraq, milli iqtisadiyyatın inkişafının, ÜDM-in 6,8% artmasının şahidi oluruq. Dövlət büdcəsi profisitlə icra olunur, cari ilin birinci rübündə vergi daxilolmaları proqnozdan əlavə, 700 milyon manat təşkil edib, valyuta ehtiyatları, qeyri-neft iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb. Xarici ticarət dövriyyəsində 60% artımla, cəmi üç ayda 5 milyard dollar müsbət saldo əldə olunub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir, ərazilər minalardan təmizlənir. Ötən il həmin ərazilərdə 20 meqavat gücündə 4 su elektrik stansiyası, 9 yarımstansiya inşa edilib. Yol infrastrukturu sürətlə şaxələnir və 30 ilədək işğalda olmuş rayonları birləşdirən magistral yollar inşa olunur. Əvvəllər yol olmayan bu ərazilərdə 700 km yeni yol çəkilib.
Azad olunmuş şəhərlərin Baş planları üzərində iş gedir. Ağdam və Füzuli şəhərlərinin Baş planları artıq hazırdır. 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşa şəhəri isə xüsusi planlar üzrə bərpa olunur. Hazırda Şuşada Heydər Əliyev Fondu tərəfindən üç məscid təmir olunur, bir yeni məscidin tikintisinə başlanılır, tarixi-memarlıq abidələri bərpa olunur. İnzibati, yaşayış binaları, xəstəxana, teleqüllə, beşulduzlu hotel tikilir. Məktəblərin tikintisinə start verilib. Şəhərin içməli su və digər problemləri həll olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq, su, iqlim keyfiyyətlərinə malikdir. Həmin torpaqların dövriyyəyə qaytarılması üçün tədbirlər görülür və artıq 50 hektardan çox ərazidə əkin aparılıb. Dünya üzrə proqnozlaşdırılan ərzaq çatışmazlığı fonunda böyük bir ərazinin istismarı, təbii olaraq, iqtisadiyyatımıza əlavə stimul verəcək.
Bu gün Silahlı Qüvvələrdə aparılan struktur islahatları, yeni Komando hissələrinin yaradılması, müasir silahların, döyüş texnikasının alınması ilə bağlı məsələlər dövlət başçısının gündəlik nəzarətindədir. Fərrux dağının azad olunmasının strateji əhəmiyyəti isə son dərəcə vacibdir. Ətraf ərazilərə nəzarətlə bərabər, su hövzələrinin erməni təxribatlarından qorunması, aqrar sektorun, turizmin inkişafı baxımından da əvəzolunmazdır.
Ümumiyyətlə, müharibədən sonra Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun nəticəsi və ölkəmizin gücünün nümayişidir. Təsadüfi deyil ki, sözügedən müşavirə ilə bağlı materiallar qardaş Türkiyənin və bir sıra ölkələrin mətbuatında da yer alıb. Azərbaycan xalqı öz dövləti ilə, dünyada baş verən mürəkkəb geosiyasi proseslərin fonunda əldə olunan nailiyyətlərlə fəxr edir.

