Postmüharibə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci ildə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirəni giriş nitqi ilə açan cənab İlham Əliyev bu ilin ilk üç ayında görülən işlərin təhlilindən və ilin sonuna qədər olan planlardan geniş şəkildə bəhs etmişdir.Cənab Prezident müşavirənin gedişatında beynəlxalq təşkilatlarla, qonşu dövlətlərlə münasibətlərə, ordu quruculuğuna, Qarabağ və Zəngəzur bölgəsində həyata keçirilən yenidənqurma işlərinə, şəhid ailələri və müharibə əlilləri üçün dövlətin qayğısına, xarici ticarət dövrüyyəsinə, daxili iqtisadi məsələlərə toxunaraq,bu məsələlərdən geniş bəhs etmişdir.
Diqqət etsək görərik ki, İlham Əliyev əvvəlcə beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu isə özlüyündə olduqca mühüm məsələdir. Beynəlxalq məsələrə toxunan Prezident İlham Əliyev beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etmələrini,Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və Avropa İttifaqının ölkəmizə qarşı münasibətini müsbət xarakterizə etdi. Bu isə Azərbaycanın xarici siyasətinin müharibə dövründə olduğu kimi postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir.
Dövlətimizin qarşısında dayanan mühüm vəzifələrdən biri də Böyük Qayıdışı təmin etmək üçün bütün zəruri addımların atılmasıdır.Cənab Prezident işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi və bütün bu görülən işlərin fonunda vətəndaş məmnunluğunun artırılmasını xüsusi qeyd etmişdir. Ümumi şəkildə demək olar ki, 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin və qarşıdakı dövrdə hədəflərin təqdimatıdır.
Əminliklə qeyd etmək olar ki,cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qarşıya qoyulan məqsədlərə bundan sonra da yüksək səviyyədə nail olacaqdır
Gündüz Alikişiyev,
YAP Tərtər rayon təşkilatının əməkdaşı

