Region Xəbərləri 

“Şahin“ hərbi-idman oyununun Ağcabədi rayon birinciliyi keçirilmişdir.

15 aprel 2022-ci il tarixdə Şirin Hüseynov adına  şəhər  2 saylı  tam orta  məktəbdə gənclərin  vətənpərvərlik  tərbiyəsində  müstəsna  əhəmiyyəti olan “Şahin“ hərbi-idman oyununun rayon  birinciliyi  keçirilmişdir.
Rayon birinciliyinin açılış mərasimində Ağcabədi Rayon İcra  Hakimiyyətinin Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev, rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi baş direktor Cəsur Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində baş məsul icraçı Rüstəm Xudiyev və digər  məhsul  şəxslər  iştirak  etmişdir.
Tədbirdə torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Rayon birinciliyinin açılış mərasimində çıxış edən RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Mamedov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyəti və xüsusi rolu olduğunu qeyd etmişdir.
Oyunun əsasnaməsinə uyğun olaraq yarış 5 mərhələ üzrə keçirilmişdir. Yarışlara “Sıra hazırlığı” mərhələsi ilə start verilmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon  birinciliyində  44  komanda  iştirak  etmişdir. Yekun nəticələrə əsasən Şirin Hüseynov adına şəhər 2  saylı  tam  orta məktəbin  komandası I yerə, Səməd Vurğun  adına  şəhər 4 saylı  tam orta  məktəbin  komandası  II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə  layiq  görülmüşdür. “Şahin“ hərbi – idman  oyununun  rayon  birinciliyində müvafiq olaraq I, II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.
Qeyd etmək istərdik ki, 1-ci yerə laiq görülmüş Şirin Hüseynov adına şəhər 2 saylı  tam  orta məktəbin  komandası 27-28 aprel 2022-ci il tarixlərdə Qarabağ iqtisadi zonası üzrə Bərdə şəhərində keçiriləcək “Şahin“ hərbi-idman  oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcəkdir.

 

 

Daha çox xəbərlər