Masallıda futbol yarışı keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı sayəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlan idmançılar arasında mini-futbol idman növü üzrə zona birinciliyi keçirilib. Turnirin təşkilində məqsəd Ümummilli Liderimizin xatirəsini əbədiləşdirmək, məktəblilərin sağlam həyat tərzini təmin etməkdən, onların idmana olan marağının artırılması və perspektivli futbolçuları üzə çıxartmaqdan ibarətdir.
Cənub bölgəsi Masallı şəhərindəki “Viləş” mini-futbol stadionunda baştutan yarışlara Masallı futbolçuları ilə yanaşı Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarının idmançıları da qatılıblar.
Gərgin mübarizə şəraitində keçən turnirin finalına yüksələn Masallının “UGİŞM” futbol komandası həlledici oyunda Cəlilabad futbolçularına 2:0 hesabı ilə üstün gələrək zona birinciliyinin qalibi olublar. Masallı və cəlilabadlı idmançılar bu ilin may ayında 12 komandanın iştirakı ilə keçiriləcək respublika yarışların final mərhələsinə vəsiqə qazanıblar.
Qalib komandalar həmçinin “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq diplomları ilə mükafatlanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

