Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib.
İşğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işləri sürətlə davam edir. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək.
Ümumiyyətlə, ölkənin yol infrastrukturu surətlə şaxələnir. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq.
Azərbaycanın dilbər guşəsi Şuşada icra olunan layihələr xüsusi əhəmiyyətə malikdir. Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı çox önəmlidir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin inşası üçün yer seçildi.
Bundan əlavə, gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.

