“Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq.”
“Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq”-Prezident İlham Əliyev.
Bu sözləri ötən günlərdə-12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev qeyd edib. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərimizdə davam edən bərpa-quruculuq işləri və gələcək fəaliyyət barədə vacib məlumatlar verib.
Cənab Prezident İlham Əliyevn də sözlərindən aydın olduğu kimi Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanacaq.
Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində olmaqla azad edilmiş torpaqlarda keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilmişdir. Cari ildə il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq.
Hazırda xüsusilə, Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər müraciət edirlər. Əgər xarici şirkətlər üçün bu, maraqlıdırsa, deməli, burada mənfəət olacaq.
Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilmişdir. Bu, çox böyük göstəricidir. Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən, Kəlbəcər dağlarından da elektrik xətləri çəkildi.
Elektrik stansiyalar ilə bağlı perspektiv planlar da icradadır. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməsi istiqamətində işlər görülür. “BP” şirkəti ilə Cəbrayılda Günəş Elektrik Stansiyasının tikintisi üzrə danışıqlar gedir.
Bərdə-Ağdam dəmir yolunun inşası da davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalları da inşa ediləcəkdir.
Zəngilan Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməsi nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası 2024-cü ilə planlaşdırılır.
Cari ildə Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməsi planlaşdırılır. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi.
Digər yekunlaşan bərpa-quruculuq işlərindən biri Ağalı kəndidir. Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər. Bundan əlavə, Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq.
Yaxın perspektivdə inşa olunacaq sosial obyektlər haqqında qeyd edək ki, üç məktəbin inşası bu il başa çatması planlaşdırılır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

