Region Xəbərləri 

Postmünaqişə dövrünün birinci ilində bütün vəzifələr uğurla icra edilib.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə qeyd edib ki, 2021-ci il ölkəmizin həyatında çox əlamətdar bir il olub. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirməkdən ibarət olub. Hər iki istiqamət üzrə nəticələr göz qabağındadır. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.
Prezident İlham Əliyev inamla bildirib ki, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.
BMT-dən sonra ən böyük beynəlxalq təsisatın Qoşulmama Hərəkatı olduğunu qeyd edən İlham Əliyev bu nüfuzlu beynəlxalq quruma hazırda Azərbaycanın sədrlik etdiyini və bütün üzv dövlətlərin razılığı ilə bu sədrliyin bir il də uzadıldığını göstərib. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirib. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul edib.

Daha çox xəbərlər