Ölkənin iqtisadi göstəriciləri çox müsbətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. Keçən 2021-ci ili qiymətləndirərkən cənab Prezident bildirmişdir ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Keçən il qarşıya qoyulan əsas məqsədimiz həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olmuşdur.
Cari ilin ilk rübünün yekunları ilə bağlı müşavirədə ölkənin iqtisadi göstəricilərinin çox müsbət olduğu vurğulandı: “ Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır. Ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur”.

