Region Xəbərləri 

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verdi. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.
Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik bir il daha da uzadıldı. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir.
Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir.
Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur;
Azərbaycanın qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.
Əlbəttə, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.
Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.
“Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb…Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”, – deyə Azərbaycan Prezidenti çıxışında qeyd etdi.
Azərbaycan Prezidenti rəsmi Bakının özünün bu beynəlxalq hüquq pozuntusunun aradan qaldırdığını, ötən ilin payızında əraziləri işğaldan azad etdiyini bildirdi. 2020-ci ilin payızındakı 44 günlük müharibəyə toxunan Azərbaycan lideri Hərəkata üzv dövlətlərə göstərdikləri mövqeyə görə təşəkkürünü bildirdi. “Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”, – deyə Azərbaycan Prezidenti diqqətə çatdırdı.
Beləliklə, Prezident İlham Əliyev budəfəki çıxış nitqində də ölkəmizə mühüm müsbət imic qazandırdı.
Tofiqə Məmmədova-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin direktoru.

Daha çox xəbərlər