Region Xəbərləri 

Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək

“Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir.
2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər olmuşdur.
Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə rəhbərimiz “Xarıbülbül” festivalından da söz açmış, bu vacib layihənin davamının vacibliyini vurğulamışdır. Dövlət başçımızın sözlərinə əsasən, gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Artıq bu ənənənə də bərpa olunub. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir.
Hazırda Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada yenidənqurma işləri davam etdirilir. Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr restavrasiya olunur. Bu gün biz azad Şuşada həyatı dirçəldirik. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı Şuşada, eyni zamanda festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər keçirilir. Şübhəsiz, bu cür tədbirlər davamlı olacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bəyan etdiyi kimi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
Nuruyeva Türkanə Atəş qızı
Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
YAP Laçın rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini

Daha çox xəbərlər