Ölkəmizdə dinamik inkişaf səviyyəsi 2022-ci ilin birinci rübündə də davam etdirilib
Cari ilin 12 aprel tarixində ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə dövlət başçısının geniş və əhatəli çıxışında qeyd olunan məqamlar bir daha onu göstərdi ki, ötən illərdə aparılmış məqsədyönlü siyasət, ölkə həyatının bütün sahələrini əhatə edən islahatların nəticəsidir ki, ölkəmizdə dayanıqlı inkişaf səviyyəsi qorunaraq cari ilin birinci rübü ərzində də əməli nailiyyətlərə nail olunmaqla bütün göstəricilər müsbətdir. İlin birinci rübündə ümumi daxili məhsulda 6,8 faiz artım olması, sözsüz ki, ötən ilin uğurlarının davamıdır. Sevindirici haldır ki, ölkəmizin iqtisadi və siyasi qüdrəti dayanmadan artmaqdadır. Hələ də dünyanın inkişaf etmiş ölkələrində qlobal pandemiya səbəbindən böhran yaşandığı bir vaxtda, Azərbaycanda dinamik inkişafın davam etməsi, əhalinin sosial rifah halının ilbəil daha da yaxşılaşdırılması dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş iqtisadi strategiyasının məntiqi nəticəsidir. Onu da bildirməliyik ki, Azərbaycan o ölkələrdəndir ki, bütün göstəricilərinə görə, pandemiya şəraitindən qalib çıxmışdır. Qlobal pandemiya şəraitində belə Azərbaycanın iqtisadi qüdrəti dünyaya bir daha nümayiş olunmaqla ölkəmizin nüfuzu daha da artmışdır. Cari ilin birinci rübü ərzində qeyri-neft iqtisadiyyatımız xeyli genişlənərək bu sahədə 10 faizdən çox artıma nail olunub ki, bu da yüksək göstəricidir. Ümumiyyətlə son illər dövlət başçısının apardığı şaxələnmiş iqtisadi inkişaf nəticəsində iqtisadiyyatımızın neftdən asılılığı ildən ilə azalmaqdadır. Qəti əminik ki, iqtisadi inkişaf ilin növbəti rüblərində də yüksələn xətt üzrə davam edəcək, ölkəmizin iqtisadi imkanları daha da artacaqdır. Onu da xüsusilə qeyd etməliyik ki, xarici ticarət balansına nəzər yetirdikdə burada da artıma nail olunduğu, hazırda bir çox ölkələrin bu sahədə daha çox idxal etdiyi halda Azərbaycanda isə təkcə üç ayda ölkəmizə 5,1 milyard dollar həcmində gəlir gətirilmişdir. Fərəhli haldır ki, bütün bu nailiyyətlər ölkəmizdə aparılan düzgün iqtisadi siyasətin nəticəsi olmaqla Azərbaycanın daxili gücünün hesabına əldə olunmuşdur. Bütün bunlarla yanaşı ötən ildə olduğu kimi cari ildə də azad olunmuş ərazilərdə geniş quruculuq və bərpa işlərinin davam etdirilməsi, beynəlxalq səviyyəli hava limanlarının və digər infrastruktur layihələrin reallaşdırılaraq davam etdirilməsi ölkəmizin iqtisadi qüdrətinin bariz nümunəsidir.
Təəssüf ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə regionda sosial-iqtisadi fəsadları qaçılmaz edib, həmçinin dünyada ərzağın qiymətində də gündən-günə artım yaranır. Bununla əlaqədar ilin birinci rübünün hesabatında qeyd olundu ki, ölkəmizdə ərzaq qıtlığının yaşanmaması üçün artıq qabaqlayıcı tədbirlərə başlanılıb və ehtiyatlar görülür. Süni qiymət artımının qarşısının alınması istiqamətində də müvafiq qurumlar tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Bu, onu göstərir ki, dövlətimiz baş verə biləcək gözlənilməz hadisələrə hər zaman hazırdır və vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması daim nəzarətdə saxlanılır. Bu baxımdan azad olunmuş ərazilərdə əkinçiliyin inkişaf etdirilməsi geniş vüsət almaqdadır.
Müşavirədə, dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxunaraq bildirdi ki, biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. İşğal siyasəti nəticəsində düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıqdan keçir. Bunun üçün qalib ölkənin – Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etməsi qaçılmaz həqiqətdir. Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu məsələdən danışarkən dövlətimizin başçısı bir daha qeyd etdi ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu, onu təsdiqləyir ki, ölkəmiz bundan sonra da müdafiə qüdrətini artıracaq. Komando qoşun növünün yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması, ordumuzun müasir silahlarla təçhizatı, həmçinin aparılan uğurlu diplomatik danışıqlar sayəsində tezliklə regionda əbədi sülhün bərqərar edilməsini təmin edəcəkdir.
Həmçinin, proqram xarakterli çıxışında ölkə Prezidenti cənab İlham Əliyev ilin sonuna qədər görüləcək işlərə də diqqət çəkərək ən əsası Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərindəndə ətraflı danışdı. Hər birimiz yaxşı bilirik ki, dövlətimiz sakinlərin öz yurdlarına daha tez qayıtmaları üçün əlindən gələn hər şeyi edir. Genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yeni yollar tikilir, şəhərlər, kəndlər salınır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, həmçinin Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması üçün də dövlətimizin başçısı xüsusi tapşırıq verdi. Görülən işlər və həyata keçirilən layihələr bizdə qəti əminlik yaradır ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaqdır.
Şahbazov Məhəmməd Şirin oğlu- YAP Laçın Rayon Təşkilatı Rayon İcra Hakimiyyəti Ərazi partiya təşkilatının sədri

