Yaz özü ilə hansı xəstəlikləri gətirir?
Mövsümi xəstəliklərdən sayılan “bahar allergiyası” əsasən mart, aprel və may aylarında bir çox insanda baş verən allergiya növüdür. Ağacların və otların tozları allergik reaksiya nəticəsində insanlarda asqırma, burun tutulması, burun axması kimi şikayətlərə səbəb ola bilir. Allergik rinit və ya saman qızdırması adlanan bu soyuqdəymələr yaz aylarında kabuslara çevrilir. Bundan əlavə, simptomlarına görə, tez-tez sinuzit və qrip kimi yuxarı tənəffüs yollarının xəstəlikləri ilə qarışdırılır. Bədən bitki tozlarına reaksiya verdikdə asqırmağa, burun axmasına, narahatlığa və sulu gözlərə səbəb olan iltihablı maddələr buraxır. Allergik rinit bronxlarda, yaz allergiyası burunda, allergik konyuktivit isə gözlərdə olur. Buna uyğun olaraq, yaz aylarında gözlərdə allergiya, astma və allergik rinit əlamətləri hiss edirsinizsə, bu, sizdə yaz allergiyasının olduğunu bildirir. Yaz allergiyası dəridə reaksiya yaratdıqda, kontakt dermatit adlanan ekzemaya da səbəb olur. Bu xəstəlik bəzən boğazda və bəzən damaqda qaşınma, yorğunluq kimi simptomlarla da müşayiət olunur.
Mütəxəssislər qeyd edirlər ki, belə hallarda burunun tez-tez yuyulması məsləhətdir. Bunun üçün dəniz və ya okean suyu spreyləri istifadə olunmalıdır. Qaşıntının qarşısını almaq üçün tədbirlər görülməlidir. Çünki dərinin mexaniki zədələnməsi vəziyyəti daha da şiddətləndirir. Bunun üçün antihistamin preparatlardan istifadə etmək lazımdır. Hətta qaşınma şiddətlidirsə, psixoterapevtin köməyinə də ehtiyac duyula bilər. Çünki əsəb sistemi zəif olanlar qaşıntı hissinə daha az dözümlü olurlar. Dərini qaşıdıqca dərinin dırnaqlarla aşınıb yonulması infeksiyalara yol açır.
Yaz fəslində gözləri də qorumaq lazımdır. Çünki yazda allergik konyuktivit meydana çıxa bilər. Bunun üçün gün eynəklərindən istifadə olunmalıdır. Evə gəldikdən sonra tez bir zamanda geyiminizi dəyişib duş qəbul etmək, saçlarınızı yumaq məsləhətdir. Bu zaman saçlarınızda olan toz hissəcikləri də təmizlənmiş olacaq. Yaz aylarında paltar yuyan zaman çalışın ki, qapalı eyvanlarda qurudasınız. Bu zaman çöldə olan toz paltarlarınıza hopmamış olacaq. Evdə heyvan saxlayanlarsa bu dövrdə çalışmalıdırlar ki, heyvanlar yataq otaqlarına girməsinlər.
Yaz aylarında allergiyaya yaxalanmamaq üçün avtomobillərin hava filtrlərini də təmizləmək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, siqaret çəkənlər siqaretdən imtina etsələr daha yaxşı olar. Siqaret çəkməyən insanlar isə çəkənlərdən uzaq olmalıdır. Kəskin qoxular, parfüm qoxusu olan yerlərdə olmaqdan çəkinmək lazımdır. Sitrus meyvələrdən uzaq olmalı, digər meyvələrə üstünlük verməlidirlər. Çərəzlərdən uzaq olmaq lazımdır. Çünki allergik xəstəlikləri qıcıqlandırır.
Yaz fəslində virus infeksiaylarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ümumiyyətlə, bütün mövsüm dəyişiklikləri zamanı havanın dəyişməsi, insanların qalın geyimlərdən nazik geyimlərə keçməsi virus infeksiyalarının da artmasına səbəb olur. Həkimlər belə mövsümi xəstəliklər zamanı antibiotik qəbul etməyi məsləhət görmürlər. Çünki antibiotik qəbulu bədəndə müqaviməti azaldaraq müqavimətsizlik yaradır. Ancaq simptomatik müalicə aparılmalı, hərarət varsa, ona qarşı dərmanlar qəbul edilməli və eyni zamanda, bol maye qəbul edilməlidir. Mövsümə uyğun olaraq tərkibi vitamin C ilə zəngin olan meyvələrə üstünlük verilməlidir. Yuxu və iş arasında tarazlıq yaradılmalı, insan bədənini çox yormamalıdır.
Bahar mövsümü insanların psixoloji vəziyyətinə də təsir edir. Yazın gəlməsi ilə yaranan hava dəyişikliyi nəticəsində bəzi insanlar özlərini davamlı halsız hiss etdiklərini və yuxudan doya bilmədiklərindən şikayətlənirlər. Həkimlərsə bildirirlər ki, yaz və payızda sıx rast gəlinən halsızlıq maddələr mübadiləsi ilə bağlıdır. Bu mövsümdə havada olan müsbət və mənfi yüklü ionlarla bağlı bəzi dəyişikliklər ortaya çıxır ki, bu vəziyyət bəzi insanlarda ruhi sıxıntılar və halsızlıq yaradır. Bu vəziyyətlə qarşılaşmamaq üçün yaşadığımız yerin hava almasını təmin etməli, nizamlı yuxu saatlarını müəyyənləşdirməli, gündə 7-8 saat yatmağa çalışmalıyıq. Həftədə ən azı 2 gün açıq havada yerimək və ilıq duş qəbul etmək tövsiyə edilir. Gündə 2-3 litr su qəbul etmək yaz yorğunluğundan qorunmaq və immunitet sistemini gücləndirmək üçün vacibdir.
Yaz depressiyası adlanan digər bir yorğunluq halı da vardır ki, psixoloqların sözlərinə görə, bu, insanların kifayət qədər günəş işığı qəbul etməməsi və beyində bəzi kimyəvi maddələrin paylanmasından qaynaqlanır. Əgər bu mövsümdə hansısa bir insan özünü yorğun, halsız, yuxusuz və bədbəxt hiss edirsə, bu artıq yaz depressiyasının əlamətidir. Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtlarda müşahidə edilən bir depressiya vəziyyətidir. Əlamətlərinə gəldikdə isə daim qayğı, yuxu pozuqluğu, əsəbilik, çəki itirmək, iştahsızlığın və ya əksinə artması kimi amillər yer alır. Bahar depressiyası yaşayan insanlar məktəbə və yaxud da işə getmək problemi yaşaya bilərlər. Bəzi əlamətlər iki həftədən çox davam etdiyi zaman mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki depressiya müalicə olunmadığı halda təkrarlama şansı arta bilər.
“Yaz gəlir hamı xoşbəxtdir, hamının üzü gülür, mən niyə beləyəm?” demək əvəzinə “Həyatımda xoş hadisələr olduğu kimi, problemlər də olur, hamısı kimi bu da keçəcək” deyə düşünmək özünü daha yaxşı hiss etməyə imkan yaradar.

