İSLAM 

Qədr gecəsində saat neçəyə kimi oyaq qalmaq lazımdır?

Bu gün artıq mübarək Ramazan ayının 18-ci günüdür. İlk qədr gecəsi də məhz bu günə təsadüf edir. Qədr gecəsində nələr etmək və saat neçəyə qədər oyaq qalmaq lazımdır?

Sonxeber.az mövzuyla bağlı suallarını ilahiyyatçı alim, din xadimi Əhliman Rüstəmova ünvanlayıb.

O bildirib ki, Qədr gecəsi əhya gecəsidir (“əhya” “həyy”, yəni “diri” sözündən götürülüb və diri olmaq, oyaq qalmaq mənasını verir).

“Allah “Quran”ı həmin gecədə nazil edib. “Qədr” surəsində də deyildiyi kimi, bu gecə min aydan xeyirlidir. Qədr gecəsində ibadət min ay ibadət eləməkdən, cihad etməkdən fəzilətlidir.

Məsələn, bir nəfər iftarını açıb, namazını qılıb, qeybətdən, dedi-qodudan uzaq olsa, harama baxmasa, sübh azanına qədər oyaq qalsa, Allah fəzilət savabını ona verər.

Əlavə Qədr gecəsinin özünə aid xüsusi namazları var ki, qılınması vacib deyil, lakin qılınsa, savabı çoxdur. Dualar, zikrlər var, namaz qıla bilməsə belə, sözlərini təkrarlasa və ya dini söhbətlər etsə, Allah ona savabını verər. Əsl savab da etdiyi əməllərə görə olar.

Sübh azanına qədər oyaq qalmaq kifayətdir. “Qədr” surəsinin sonunda da deyilir ki, o gecə mələklər nazil olarlar və dan yeri sökülənə kimi salamatlıq olar”.

Daha çox xəbərlər