Azərbaycanla Rusiya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində qurumlar arasında əməkdaşlığın davam etdirilməsi istiqamətləri müzakirə olunub.
Görüş nəticəsində hər iki qurum imzalanmış ikitərəfli sənədlər üzrə əməkdaşlığı davam etdirmək, hazırlanmaqda olan sənəd layihələrinin razılaşdırılması üzrə işləri sürətləndirmək, heyvan xəstəliklərindən azad zonaların yaradılması, onların diaqnostikası və baytarlıq nəzarətinin təşkili, sərhədyanı ərazilərdə immun zonanın yaradılması üçün epizootik tədbirlər sahəsində məsləhətləşmələr və təcrübə mübadiləsi aparmaq, baytarlıqda istifadə üçün dərman vasitələrinin hazırlanması, Qida Təhlükəsizliyi İnstitutu ilə Ümumrusiya Bitki Karantini Mərkəzi, Heyvan və Bitkilərin Fundamental və Tətbiqi Parazitologiyası Ümumrusiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

