Gündəm 

2022-ci il quruculuq, inkişaf və Böyük Qayıdış ili kimi tarixə düşəcək

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bir çox mühüm məsələlərə toxunaraq həm ötən ilin uğurlarını, həm bu ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi vəziyyətini dəyərləndirdi, həm də qarşıdakı dövr üçün hədəfləri müəyyənləşdirdi.

Cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr barədə xalqa ətraflı məlumat verdi və 30 il müddətində hər kəsin həsrətlə gözlədiyi xoş xəbərin müjdəsini çatdırdı. Dövlət başçısı dedi ki, bu il keçmiş məcburi köçkünlər, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri öz yurdlarına qayıda biləcəklər. Yəni artıq işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayacaq.

Cari ilin birinci rübündə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirdi: “Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır”.

Göründüyü kimi, Azərbaycanın iqtisadi inkişafı uğurla davam etdirilir. Ölkəmizin iqtisadi qüdrəti, siyasi nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, tarixi Zəfərimiz diplomatik müstəvidə möhkəmləndirilir. Müşavirədə diqqətə çatdırılan məsələlər, söylənilən fikirlər son bir ilin iqtisadi və siyasi mənzərəsini əks etdirdi.

Müşavirədə həmçinin cənab Prezident postmüharibə dövrü və ondan sonrakı mərhələdə inkişafın yeni konturlarını müəyyənləşdirdi və həyata keçiriləcək layihələrin anonsunu verdi.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan heç kimdən yardım almadan, yalnız öz gücünə genişmiqyaslı layihələrin icrasını reallaşdırır. İlkin olaraq Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənərək elektrik təsərrüfatı yaradılıb, yollar çəkilib, su anbarları yaradılıb. Getdikcə proseslər daha geniş vüsət alacaq və tezliklə Qarabağ və Şərqi Zəngəzur nümunəvi bölgə kimi inkişaf edəcək.

44 günlük müharibəni Zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması xüsusilə diqqət çəkir. Sözügedən nəqliyyat bağlantısının yaradılması haqqında müvafiq müddəa Azərbaycanın təkidi ilə üçtərəfli Bəyanatda yer alıb. Azərbaycan indiyədək Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli addımlar atıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur.

Ölkəmiz, eyni zamanda Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir. Müşavirədə məhz bu məsələyə də toxunan Prezident İlham Əliyev dedi ki, Zəngəzur dəhlizi də açılacaq.

Görüləcək işlərdən, reallaşacaq layihələrdən də söz açan dövlət başçısı aidiyyatı qurumlara ciddi tapşırıq və göstərişlərini də verdi. Prezident dedi ki, Ağdam və Füzulidən sonra digər şəhər və qəsəbələrin Baş planları bu il hazır olmalıdır. Məhz həmin baş planlar əsasında işğaldan azad edilmiş şəhər və qəsəbələrin, kəndlərin yenidən qurulması ilə bağlı layihələr hazırlanmalıdır.

Onu da xüsusi olaraq vurğulayaq ki, bütün bu prosesləri Azərbaycan dövləti heç bir beynəlxalq təşkilatdan, dövlətdən maliyyə yardımı almadan reallaşdırır. Dövlətin iqtisadi qüdrəti imkan verir ki, bu cür genişmiqyaslı quruculuq işləri həyata keçirilsin.

Göründüyü kimi, bu gün ölkəmiz strateji hədəflərə çatmaq uğrunda inamla addımlayır. Ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək.

Elnarə Mustafayeva,
YAP Yasamal rayon təşkilatının sədr müavini

Daha çox xəbərlər