Gündəm 

Qədimliklə müasirliyin vəhdətində inkişaf edən şəhər – Şuşa

2022-ci ilin «Şuşa İli» elan edilməsi Prezident İlham Əliyevin Vətənə, azərbaycançılıq məfkurəsinə, milli ideologiyamıza bağlılığının, ən başlıcası isə müdrikliyinin nəticəsidir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə bağlı Şəhidlər xiyabanından verdiyi xoş xəbər Azərbaycan xalqını ayağa qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər. Dövlət başçımızın söylədiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri hər kəsin qəlbini qürur hissi ilə doldurdu. «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» söyləyən dövlət başçımız İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirdi ki, 2022-ci ildə Pənahəli xanın 1752-ci ildə təməlini qoyduğu Şuşanın yubileyi böyük təntənə ilə qeyd ediləcək. Dövlətimizin başçısı bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili «Şuşa İli» elan etdi. Azərbaycan xalqı daha bir sevincli anlarını yaşadı. Çünki strateji əhəmiyyəti, gözəl təbiəti, ecazkar görkəmi ilə hər kəsi valeh edən, Tanrının yerüstü cənnəti adlandırılan, milli musiqimizin beşiyi olan Şuşa mədəniyyətimizin tacıdır. Bütün çıxışlarında Azərbaycan bayrağının işğal edilmiş torpaqlarımızda, o cümlədən Şuşada dalğalanacağını əminliklə bildirən Prezident İlham Əliyevin söylədiyi kimi, heç bir qüvvə bundan sonra bizi Şuşadan, Qarabağdan ayrı sala bilməz!

Şuşa işğaldan azad edildikdən sonra Cıdır düzündə Novruz tonqalının yandırılması, şəhidlərimizin xatirəsinə həsr olunmuş «Xarıbülbül”» festivalının keçirilməsi xalqımızın 30 il həsrətlə gözlədiyi unudulmaz hadisələr idi. Milli birlik, həmərylik bayramı adlandırılan çal-çağırlı tədbirlər düşmənə göz dağı olmaqla, mənəvi dəyərlərimizin təblilği baxımından da əhəmiyyətli idi. Ölkəmizdə yaşayan müxətlif xalqların nümayəndlərinin iştirakı ilə təşkil olunan «Xarıbülbül»” festivalının hər il keçiriləcəyi ilə bağlı deyilənlər Azərbaycan multikulturalizminin, birgəyaşayış prinsiplərinə sadiqliyinin təbliği baxımından da önəmli idi. 44 gün davam edən Vətən müharibəsində Qələbəmizi təmin edən xalqımızın milli ruhu mədəni tədbirlərin də leytmotivi idi.

Pənahəli xanın təməlini qoyduğu şəhərin şərəfinə 2022-ci ilin «Şuşa İli» elan olunması tariximizə, milli dəyərlərimizə, soykökümüzə bağlılığımız, ləyaqətimiz, mugamlarımızın təbliği, özünəməxsus aurası ilə seçilən Şuşadan dünyaya açılan qapımızdır. Şuşada mühüm tədbirlərin təşkili, bərpa- quruculuq işlərinin sürətli davamı o deməkdir ki, biz Şuşaya əbədi qayıtmışıq.

Tariximizə Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyət rəmzi kimi yazılan hər iki qardaş ölkə arasında Müttəfiqlik Bəyannaməsinin Şuşada imzalanması Ermənistan üzərində Zəfərimizin növbəti uğuru oldu. Qars müqaviləsinə istinad edilən, dünya siyasətində nadir əməkdaşlıq, iş birliyi nümunəsi olan bu Bəyənnamə, türk birliyinə, həmrəyliyinə töhfə, gələcək nəsillərə ərməğan idi. Ən önəmlisi isə Türkiyəni və Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin bərpasının gerçəkləşdirilməsini təmin edəcək sənəd idi. 30 il işğal altında qalsa da əyilməyən, milli ruhumuzu qoruyan Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bütünlükdə Türk dünyası birliyinin həmrəylik rəmzidir.

Azərbaycanın incisi sayılan bu şəhərin xalqımız üçün dəyərini «Şuşasız Qarabağ, Qarabağsız isə,ümumiyyətlə, Azərbaycan yoxdur» söələri ilə bildirən ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Vaqif Poeziya Günlərinin keçirilməsi, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması ilə bağlı keçirilən tədbirlərlə daha bir tarixi anını yaşayan Şuşanı təsadüfən Böyük Qayıdışa açılan yol adlandırmırlar. Çünki torpaqlarımızın işğalından sonra ən önəmli, geniş miqyaslı bərpa- quruculuq işlərinə bu şəhərdən başlanılmışdır. Şuşa şəhərinin Baş planının hazırlanması, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin bərpası, ermənilər tərəfindən güllələnmiş Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natəvanın büstlərinin doğma məkanlarına qaytarılması, müasir tələblərə uyğun «Qarabağ» və «Xarıbülbül» otellərinin istifadəyə verilməsi tarixi hadisələr kimi yaddaşlarda iz salıb. Şəhərdəki yaşayış evlərinin, tarixi abidələrin bərpası, irihəcmli infrastrutur layihələrinin həyata keçirilməsi, kommunikasiyaların yenilənməsi istiqamətində işlər davam etdirilir. Biri-birindən əhəmiyyətli, yeni, müasir görkəmi ilə qonaqlarını heyran edən, quruculuq işlərinin sürətləndirildiyi Şuşada hələ görüləsi işlər çoxdur.

«Şuşa İli» ilə bağlı təsdiq edilən və beş bölmədən ibarət Tədbirlər Planı”na əsasən il ərzində Azərbaycanın mədəniyyət paytaxtında silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Mədəni-kütləvi, idman, ekologiya və turizm üzrə tədbirlərin hazırlanması, «Şuşa İli»”nin beynəlxalq səviyyədə təbliği, tarixi-mədəni abidələrin bərpası, «Şuşa ili» ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması işləri davam etdirilir. Pənahəli xanın təməlini qoyduğu qədim şəhərimizin dünya miqasında tanıdılması üçün müxtəlif istiqamətlərdə hazırlıq işləri aparılır. Məqsəd Şuşanın zəngin mədəni irsinin daha geniş təbliğinə töhfə verməkdir. «Şuşanın memarlıq salnaməsi”», «Azərbaycan musiqisinin məbədi – Şuşa», «Mu­ğam ocağı – Şuşa», «Qarabağ xalçaçılıq məktəbi – Şuşa», «Şuşanın ədəbi həyatı», «Şuşanın sima­ları», «Şuşa milli geyim üslubu» daxil olmaqla yeddi istiqaməti əhatə edən «Şuşa mədəniyyətinin inciləri»” adlı layihələr üzrə hazırlıq işləri görülür. Vandalizmə məruz qaldığı illərdə belə öz milli ruhunu saxlayan Şuşamız haqqında dövlət başçımızın söylədiyi «Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir» sözləri bütün layihələrdə öz əksini tapacaq. Möhtəşəm abidə kimi tarixini saxlamaqla yenidən qurulan, dirçələn, daha əzəmətli görkəm alan, əziz qonaqlarını yaşıl çəmənləri, buz bulaqlarının saf suları, əlçatmaz qayaları, dibi görunməyən dərələri ilə heyran edən Şuşa dünyaya səs salacaq.

«Şərqin Konservatoriyası» adlandırılan Şuşa şəhər mədəniyyəti, tarixi, yerləşdiyi coğrafiyası, bəşər mədəniyyətinə verdiyi töhfəsi ilə erməni yalanlarını ifşa edəcək. İl ərzində təşkil ediləcək festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq Şuşa qədim və müasir mədəniyyətimizin dünya ictimaiyyətinə təqdimatı olacaq. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərinin minarələrindən səslənən azan səsləri ilə şəhidlərimizin ölməz ruhları yad olunacaq.

İşğaldan azad edilmiş ərazilərə səfərləri zamanı yolunu 7 dəfə Şuşadan salan dövlət başçımızın diqqəti sayəsində Qarabağın başının tacının bərpası, dirçəldilməsi sürətləndirilir. Şuşaya uzanan Zəfər yolu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin ilk addımı kimi tarixdə əbədi iz salacaq.

Elektrik təsərrüfatının, şəhərə verilən suyun bərpası digər sahələrin inkişafını da sürətləndirib. İndi Şuşaya iki mənbədən su gəlir. Natəvan bulağının ermənilər tərəfindən tutulmuş gözlərindən dupduru su axır.

Şuşa daha möhtəşəm tədbir ərəfəsindədir. Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi ilə əlaqədar hazırlıq işləri görülür. Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada 65 ölkəni təmsil edən 400-ə yaxın soydaşımız bir araya gələcək.

Dünya Azərbaycanlılarının IV qurultayında «Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin» sözləri ilə soydaşlarımıza müraciət edən, diaspor təşkilatlarının birgə fəaliyyətini vacib amil kimi diqqətə çatdıran Prezident İlham Əliyev Zəfərimizdən sonra Şuşada keçiriləcək qurultayda bölgədə yaratdığı reallıqlarla dünyanın diqqətini cəlb edən Azərbaycanın heyrətamiz həqiqətlərindən söz açacaq.

Daha çox xəbərlər