Dövlət və milli maraqlarımızın müdafiəsində diasporun rolu
Azərbaycanın müstəqilliyini bərpasının ilk illərində hakimiyyətdə olan şəxslərin bilavasitə səriştəsizliyinə görə xarici siyasətin, beynəlxalq münasibətlərin vacib elementlərindən sayılan diaspor quruculuğuna diqqət yetirilməmişdi. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi istiqamətində heç bir addım atılmamışdı. 1991-1993-cü illərdə Qarabağda cərəyan edən faciələr, Xocalı soyqırımı dünya ictimaiyyətinə öz çılpaqlığı, yaşanılmış dəhşəti, insanlığa sığmayan halı ilə çatdırılmadı. Biz həmin illərdə istər ideoloji-siyasi, istərsə də təbliğat kompaniyaları baxımından Ermənistana məğlub olduq. Təəssüf ki, o vaxtlar çoxmilyonlu dünya azərbaycanlıları vahid məqsəd, amal ətrafında təşkilatlanmamışdı. Ölkənin informasiya blokadasında olması, Azərbaycan diasporunun imkanlarının səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində heç bir əhəmiyyətli işin görülməməsi xarici siyasətdə problemlər yaradırdı.
Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya, milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların potensialının milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Lakin qeyd edək ki, ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən bir neçə il əvvəl, 1991-ci il dekabrın 16-da imzalanan “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərarla atılmışdı.
Bu düşünülmüş siyasətin təməli isə uzun illər əvvəldən qoyulmuşdu. Belə ki, ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə (1969–1982) SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. Azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə strateji töhfələr verdi. Daha sonralar Ulu Öndər bu proses haqqında bunları demişdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.
Uzaqgörən dahi siyasətçi, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Dünya Azərbaycanlılarının ilk qurultayı “Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdi. Dünya Azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultaydakı geniş nitqində ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin, həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurətindən, həmçinin Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söylədi. Noyabrın 10-da işini başa vuran qurultay Dünya Azərbaycanlılarının I qurultayının qətnaməsi, qurultay nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti, qurultay iştirakçılarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti, Dünya Azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti adlı sənədlərini qəbul etdi.
Dünya Azərbaycanlılarının II qurultayı “Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirildi. Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi. Prezident İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirdi.
Hər 5 ildən bir paytaxt Bakı dünya azərbaycanlılarının qurultaylarına ev sahibliyi edərək 50 milyondan artıq soydaşımızın Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, genişmiqyaslı addımların atılması istiqamətində mərkəz rolunu oynadı. Göründüyü kimi, uzun illər davam edən məqsədyönlü, düşünülmüş siyasətin nəticəsində bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas qayədir.
Məhz düşünülmüş siyasətin həyata keçirilməsində müstəsna fəaliyyəti olan qurumlardan biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fond erməni işğalına etiraz edilməsi və bu istiqamətdə məlumatlandırma tədbirləri çərçivəsində dünyanın bir çox şəhərlərində nümayişlər keçirib, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” adlı kompaniya ilə erməni vəhşiliyini dünyaya tanıdıb. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, hazırda həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması aparılan siyasətin parlaq təzahürlərindəndir.
Bu gün Azərbaycan diasporu böyük gücə malikdir. Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bu sahədə qurulmuş vahid siyasətin nəticəsidir.
Xəbər verildiyi kimi, Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bu dəfə qurultayın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, peşəkar ordumuzun cəmi 44 günə düşmən işğalından azad etdiyi dilbər güşələrimizdən birində, Qafqazın incisi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi.

