Təhsildə keyfiyyəti artırmaq istiqamətində müsbət addımlar atılır
Müsahibimiz təhsil eksperti Kamran Əsədovdur
– Kamran müəllim, aprelin 18-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verildi. Sizcə, bu proses necə həyata keçiriləcək?
– Artıq orta ümumtəhsil müəssisələrində daimi əsaslarla çalışan müəllimlər yerdəyişmə edə bilərlər. Bu, əslində Azərbaycanda müəllimlərin iş yerlərini dəyişmələri istiqamətində rüşvət və korrupsiyanın aradan qalxmasına gətirib çıxarır. Çox təəssüflər olsun ki, indiyə qədər bəzən neqativ hallarla qarşılaşmışıq. Yeni qaydada aparılacaq proseslər kifayət qədər şəffafdır. Bunun üçün www.miq.edu.az portalına daxil olaraq məlumatlarla tanış olmaq olar. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim kimi çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Amma əvvəllər vakant yerlər təqdim olunurdu, müəllimlər o yerləri seçirdilər. İndi isə elə deyil. İndi müəllimlər öz platformalarından şəxsi kabinetlərini qeyd edirlər. Hər bir müəllim www.miq.edu.az portalından qeydiyyatdan keçdikdən sonra ixtisasını və dərs saatını qeyd edir və axtarış verir. Bu axtarışla müəllimlər neçə nəfərin eyni anda iş yerini dəyişmək istədiyini görə bilir. Proses bu qədər sadə və rahatdır.Onu da qeyd edim ki, namizəd bir tədris ili ərzində bir dəfə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir. Qarşılıqlı yerdəyişmə müsabiqəsində yalnız müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Bir məqamı da xüsusilə qeyd etmək istərdim ki, qeydiyyatdan keçdikdən sonra əgər müəllimləri qane edən yer olmasa, qarşılıqlı razılaşma əldə edilənə qədər onlar üçün hər hansısa bir problem yoxdur. Bəzən müəllimlər düşünürlər ki, mən şəxsi kabinet yaratmışam, ancaq iş yerimi itirə biləcəyimdən narahatam. Ancaq bu, heç də belə deyil. Hər bir müəllim şəxsi kabinet yaradaraq alternativlərlə tanış ola bilər. Əgər ona uyğun gələn yer yoxdursa o zaman ona gələn sorğunu təsdiq etməyə bilər. Burada sistem belədir ki, iki fərqli məktəblərdə çalışan müəllimlər yerlərini dəyişdirmək istəyirlərsə həmin yerə sorğu göndərirlər. Əgər iki tərəf də qarşılıqlı olaraq razıdırsa o zaman yerdəyişmə baş verir.
– Bəs müsabiqədə namizədlər hansı balla iştirak edə bilərlər? Keçid balı nəzərdə tutulubmu?
– Bəli. Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilmişdir. Son 3 il ərzində müddətsiz əsaslarla işə qəbul olunan müəllimlər bu müsabiqədə iştirak edə bilərlər. Qeyd olunan məsələ ilə bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb.
– Müsabiqə üzrə hər hansı bir sosial amil nəzərə alınaraq iştirakçılara əmsal tətbiq olunurmu?
– Xeyr. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində namizədlərin imtahan balına hər hansı bir əmsal tətbiq olunmayacaq. Namizədlər yalnız müddətsiz müqavilə əsasında çalışdığı əsas iş yeri üzrə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir. Onu da xatırladım ki, hazırda analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər və digər bölgələrdən – Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qarşılıqlı yerdəyişmə etmək mümkün olacaq. Azərbaycan təhsilində ilk dəfə keçiriləcək proses gənclərə imkan verəcək ki, onlar artıq öz yaşayış yerlərinə yaxın ərazilərdə işlə təmin oluna bilsinlər. Digər tərəfdən isə əvvəllər vakant yerlər təqdim olunurdu, yüksək ballı vətəndaşlar yerdəyişmə edə bilirdilər, aşağı ballı insanlar isə bu prosesdən kənarda qalırdılar. Bu baxımdan da hesab edirəm ki, yeni proses Azərbaycan təhsilində keyfiyyəti artırma istiqamətində müsbət bir addım olacaq.

