Siyasət 

Bakıdan MESAJ: Paşinyan dərs çıxarmasa, bu onun sonuncu sınağı olacaq

Azərbaycan düşmənə döyüş meydanında layiqli cavab verməyi bacardığı kimi bunu informasiya savaşında da dövlət başçısının liderliyi ilə layiqincə aparmaqda davam edir. Son günlər revanşist qüvvələrdən, ermənilərə havadarlıq edən güc mərkəzlərindən Bakıya qarşı yetəri qədər təhdid xarakterli mesajların şahidiyik. 

44 günlük müharibəni regionda uzunmüddətli sülhün başlanğıcı hesab etsək də, proseslər göstərir ki, erməni amilindən istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan qüvvələr olduğu kimi, Azərbaycandan qisas hissi ilə alışıb yanan, yenidən işğala can atmaq üçün dəstək gözləyənlər də az deyil.

Bu gün Prezident İlham Əliyevin Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin, eləcə də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalı ilə tanışlığı adi, sıradan bir səfər deyil. Bu, Şuşanı, Hadrutu geri qaytarmaq kimi axmaq xəyallara düşən daşnak tör-töküntülərinə rəsmi Bakının verdiyi növbəti ən layiqli cavabdır. Dövlət başçısı bu səfərlə lazımı ünvanlara bir daha bəyan etdi ki, Azərbaycanı heç bir təhdid, təzyiq yolundan döndərə bilməz.

Azərbaycan lideri bununla erməni revanşistlərinə, onların havadarlarına növbəti dəfə “boş-boş xəyallar qurmaqdansa, Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı bərpa, quruculuq layihələrinə baxıb dərs çıxarın və bilin ki, bir də bu torpaqlara heç vaxt erməni ayağı dəyməyəcək” mesajı verdi.

Baxmayaraq ki, Azərbaycan ordusu Ali Baş Komandanının səfər etdiyi bu yerlərdən düşmənin nəfəsini də hiss edir. Lakin Prezident bu addımı ilə Brüssel görüşündən sonra Moskvaya dəvət edilən Ararat Mirzoyana Lavrovun Ermənistanı silahlandıracaqları ilə bağlı açıqlamasına, Kreml rəhbərinin iki gün əvvəl N.Paşinyanla “Qarabağın təhlükəsizliyi” məsələsini birgə müzakirə edəcəkləri ilə bağlı dediklərinin yersiz və Azərbaycan üçün heç bir təzyiq imkanına malik olmadığını göstərdi.

İlham Əliyevin işğaldan azad edilən ərazilərə, xüsusilə də Şuşaya hər səfəri az qala qarşı cəbhədə çox böyük çaxnaşma, təşviş, həyəcana səbəb olur. Necə ki, sosial şəbəkələrin erməni seqmentində Azərbaycan dövlət başçısının Şuşa səfəri erməniləri yenə bir-birinə vurub. Ermənistan anlamalıdır ki, liderləri aprelin 6-da Brüsseldə Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketini qəbul etdi. Ona görə ki, artıq rəsmi İrəvan da neçənci dəfə etiraf edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bunun üçün Paşinyanın bu barədə parlamentdəki son çıxışlarını xatırlamaq kifayətdir.

Erməni xalqı Paşinyanın təbilincə desək, bundan sonra da “qurbanlıq qoyun” olmağa hazır deyilsə, o zaman quzunu qurda yedirdən çobanın sürüsündən bir an öncə ayrılmaq barədə düşünməlidir. Əks təqdirdə Azərbaycan Ermənistana bundan artıq şans vermək, nəticədə daha bir neçə il gözləmək fikrində deyil.

Görünən odur ki, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olan Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrından əl çəkənə oxşamır. Amma Bakının Rusiyanı sülh prosesinə çox mane olmasını əngəlləmək üçün əlində bir neçə önəmli detal cəmləşir.

Laçın dəhlizinə alternativ yolun inşası istiqamətində aparılan işlərin intensivliyi deməyə əsas verir ki, may-iyun aylarında alternativ yolun açılışı mümkün görünür. Azərbaycan bu işləri çox sürətlə aparır. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətimizə keçməsi deyil, həm də Ermənistanın Laçın dəhlizindən Xankəndinə gedən müxtəlif kommunikasiya xətlərindən (işıq, qaz, internet və s.- red.) məhrum olması deməkdir. Çünki yeni yolda bu kommunikasiya xətləri olmayacaq. Xankəndinin bütün təminatını da artıq Azərbaycan özü həyata keçirəcək.

Azərbaycanın xarici siyasəti bölgədə müharibə risklərinin azalmasına xidmət etdiyi bir vaxtda arada gərginlik yaratmaq, danışıqlar prosesini pozmaq cəhdi, yeni təxribat planları qurmaq növbəti hərbi əməliyyatları qaçılmaz edəcək. Çox güman ki, artıq Bakının səbrinin daşmaq üzərə olduğunu Ermənistan rəhbərliyi də, Qərb də yaxşı dərk edir. Rəsmi Bakı regionda yaratdığı yeni geosiyasi reallığa uyğun, beynəlxalq hüquqa heç bir zidd addım atmadan öz haqqını tələb edir. Bakının bu tələbini bir vaxtlar Azərbaycana qarşı cəbhə alan bəzi dövlətlər, beynəlxalq təşkilatlar da artıq qəbul edir. İndi hər şey Paşinyanın son Moskva səfərindən sonra aldığı tapşırıqlara uyğun olaraq atacağı addımdan, yaxud Brüssel görüşünə sadiq qalaraq verdiyi qərarın davamını gətirməyindən asılıdır.

Daha çox xəbərlər