Gündəm 

Ölkələrimizin əməkdaşlığında keyfiyyətcə yeni mərhələ

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər bunu bir daha təsdiqidir

Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan Azərbaycan və Qırğızıstan arasında hər zaman yüksək diplomatik əlaqələrə və keyfiyyətli münasibətlərə şahidlik etmişik. Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir daha təsdiqlədi. Səfər çərçivəsində imzalanan on sənəd sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Hər iki sənəd dost və qardaş ölkələr- Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olan strateji tərəfdaşlıq iki ölkəni məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə olunması əməkdaşlığın səmərəliliyini artıran amil kimi qiymətləndirilir.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində göstərdikləri səylər göz önündədir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Birgə Bəyanatda səsləndirilən çağırışlar sırasında bu məqam da xüsusi qeyd olunur ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.

Nəzərə alsaq ki, ölkəmiz qeyri-neft sektorunun inkişafını prioritet sahə kimi öndə saxlayır, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilir, bir sözlə aqrar sektora diqqət iqtisadi siyasətin əsasını təşkil edir, bu halda Qırğız Respublikası ilə kənd təsərrüfatı sahəsində perspektiv əməkdaşlıq yüksək dəyərləndirilir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

Azərbaycan və qırğız xalqını ortaq mədəni irs və ortaq tarix birləşdirir. Bu baxımdan humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir.

Dövlət başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı, səfər çərçivəsində imzalanan sənədlərin fonunda bu əminliyi ifadə etmişdir ki, biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Qeyd etdiklərimizə söykənərək bu əminliyi ifadə edə bilərik ki, Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Qarşılıqlı səfərlər, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin inkişafına böyük töhfədir. Bu baxımdan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri iki dövlətin münasibətlərində yeni mərhələnin başlandığını təsdiqləyir.

Daha çox xəbərlər