Azərbaycan-Qırğızıstan: Münasibətlər strateji tərəfdaşlıq səviyyəsində
Bakıda aparılan danışıq və imzalanan bütün sənədlər göstərir ki, Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək
Qırğız Respublikasının Prezidenti Sadır Japarov və onun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb, beynəlxalq birliyin ən etibarlı və layiqli tərəfdaşına çevirib.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidentinin Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər salındı.
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qırğızıstan dost, qardaş dövlətlərdir: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini – Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”.
Qırğızıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlar – BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarığını ifadə etdi.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən söylədi ki, Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.
“Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”, – deyə Qırğızıstan Prezidenti əlavə edib.
Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdıran Prezident Sadır Japarov daha sonra dedi: “Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik”.
Səfər çərçivəsində keçirilən görüşlərdə investisiya layihələri, nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı, eləcə də ticari-iqtisadi münasibətlər, kənd təsərrüfatı ilə bağlı məsələlər ətraflı müzakirə edildi. Qırğızıstanda və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə edildi. Qeyd edildi ki, burada da böyük perspektivlər var.
Həmçinin bildirildi ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir.
Aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.
Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.

