Gündəm 

Şuşa xalqımızın mədəniyyət beşiyidir

Məhz buna görə də 28 ildən artıq davam edən işğal dövründə şəhəri erməniləşdirə bilmədilər

İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar. Azərbaycan əsgəri qəhrəmanlığı, şücaəti ilə Şuşanı azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur.

Şuşa həm də hər bir azərbaycanlını özünə çəkir. Ötən il dekabrın 24-də – doğum gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bu barədə deyib: «Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada – Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm».

İndi Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Hələlik şəhərdə bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradıb. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraciət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Qeyd etdiyimiz kimi, Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq Şuşada  parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb. Bu günlərdə isə Şuşa daha bir tədbirə ev sahibliyi edəcək. Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir.

Bu da qürurverici faktdır ki, Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.  Diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda, müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdilər.  Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə göstərdikləri fəaliyyət barədə deyib: «Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur».

Xatırladaq ki, Dünya Azərbaycanlılarının ilk qurultayı  2001-ci il noyabrın 9-10-da, ikinci qurultay 2006-cı il martın 16-da, üçüncü qurultay 2011-ci il iyulun 5-6-da, dördüncü qurultay 2016-cı il iyunun 3-4-də keçirilib. Bu baxımdan beşinci  qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Beləliklə, dünya azərbaycanlıları bu dəfə Şuşada toplaşırlar. Ona görə bu tədbirin böyük rəmzi mənası var. Çünki Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, düşünülmüş və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunması bu reallığı mümkün etdi.

Daha çox xəbərlər