Gündəm 

Böyük Qayıdış başlayır …

Yaxın zamanlarda Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk “Ağıllı kənd”ə əhalinin köçürülməsinə başlanılacaq

Erməni işğalından azad edilmiş ərazilərdə görülən quruculuq işlərinin miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk “ağıllı kənd”ə əhalinin köçürülməsi üçün hər şey hazırdır.

“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

Bu fikirləri Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı, həmçinin vurğulayıb ki, üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edildiyini bildirən Prezident İlham Əliyev əlavə edib ki, Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Qeyd edək ki, Zəngilan rayonunun II Ağalı kəndi ərazisində inşa edilən “Ağıllı kənd”də 200 fərdi ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird üçün nəzərədə tutulan məktəb və 60 yerlik uşaq bağçasının tikintisi başa çatıb. Kənddə içməli su təminatı həll edilib, park meydanı inşa olunub, burada fəvvarələr, piyada və velosiped yolları qurulub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. “Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, suelektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır.

“Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması, həmçinin kənd sakinlərinin bir qrupu üçün kiçik təsərrüfatların yaradılması da nəzərdə tutulur. Bir sözlə, Qarabağa qayıdan hər bir soydaşımız üçün orada daimi yaşamaq üçün bütün şərait yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti bu istiqamətdə birgə layihə icra edirlər. Kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan bu layihəyə Ağalı kəndinin 30 sakini cəlb olunmuşdur. KOBİA tərəfindən onlar üçün biznes təlimləri təşkil edilmiş, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumatlar verilmişdir. Kənd sakinləri doğma yurdlarına qayıdandan sonra onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar.

Azərbaycanda “ağıllı” şəhər və kəndlər konsepsiyasının tətbiqi ideyası Prezident İlham Əliyevə məxsusdur. Ötən il aprelin 19-da dövlət başçısı “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalamış, aprelin 26-da isə Ağalı kəndinin ərazisində ilk “ağıllı kənd” layihəsinin təməlini qoymuşdur. Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşlar. Hər iki prezidentə məlumat verilmişdir ki, 110 hektardan çox ərazidə innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagirdlik məktəb və 60 yerlik uşaq bağçası tikilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq, piyada və velosiped yolları çəkiləcək, kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq demək olar ki, bütün bu işlər yekunlaşıb. Biz tezliklə erməni işğalçılarının yer üzündən sildiyi bir kəndin minalardan təmizlənərək və sürətlə bərpa edilərək məskunlaşdırılmasının şahidi olacağıq.

Daha çox xəbərlər