Cəmiyyət 

Şuşa qurultayı birlik və həmrəyliyimizin rəmzinə çevriləcək

Xarakterindən, siyasi, iqtisadi mahiyyətindən asılı olmayaraq önəmi ilə tarixi əhəmiyyət daşıyan, xalq üçün faydalı olan bütün tədbirlərin zamanın tələbinə uyğun məqsədi, məramı, proqnozları olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə tarixi xidmətlər göstərən ulu öndər Heydər Əliyevin hər ilin 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı təşəbbüsü xalqımızın birlik və həmrəylik rəmzi kimi yüksək dəyərləndirildi. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün xalqın gücünə arxalanan Ulu Öndər xarici ölkələrdə məskunlaşan soydaşlarımızın da qüvvəsindən istifadəni vacib hesab etdi. Buna görə də 2001-ci ildə bütünlükdə Türk dünyası üçün önəmli olan Dünya Azərbaycanlılarının I qurultayının çağırılması ilə bağlı Sərəncam imzaladı. Beynəlxalq aləmdə böyük maraqla qarşılanan bu sənəd eyni zamanda ulu öndər Heydər Əliyevin türkçülüyə sadiqliyinin, dövlətçilik təcrübəsinin də ifadəsi idi. İlk qurultayda xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid məqsəd naminə birləşməsini qarşıya qoyan, təşkilatlanmanın eyni mənbədən idarə edilməsinin daha faydalı olacağını nəzərə alan ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonrakı illərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə mövcud baza əsasında daha geniş spektrdə fəaliyyət göstərən Diasporla İş uzrə Dövlət Komitəsinin yaradılması ilə soydaşlarımızla əlaqələr daha da genişləndi. Beləliklə, Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirliklərlə yanaşı diaspor təşkilatlarında, birliklərdə, icmalarda birləşən soydaşlarımızın ölkəmizdə baş verən hadisələri, ermənilərin törətdikəri vəhşilikləri məskunlaşdıqları ölkələrdə təbliğ etmək imkanları genişləndi. Azərbaycan həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin əsl məqsədinin dünya birliyinə çatdırılması, xarici ölkələrin mətbuatında işıqlandırılması üçün Türkiyə ilə Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti daha səmərəli oldu. Dünya Azərbaycanlılarının sonrakı qurultaylarında xalqımızın birlik və həmrəyliyinin möhkəmlənməsini erməni faşizminə qarşı mübarizədə mühüm amil adlandıran Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı diaspor təşkilatlarının nümayəndələri ilə görüşlərində də bu məsələyə xüsusi diqqətlə yanaşılmasını tapşırır və tövsiyələrini bildirirdi.

2016-cı ildə keçirilən IV qurultaydakı çıxışında diaspor təşkilatlarının fəaliyyətinə daim diqqət göstərildiyini bildirən Prezident İlham Əliyevin əsas tövsiyəsi bu oldu ki, soydaşlarımız tarixi Vətənləri ilə daim əlaqə saxlasınlar, yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha iştirak etməklə böyük mövqelərə nail olsunlar. «Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir…Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar» söyləyən Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan iş adamlarının diqqətinə çatdırmışdı ki, sərmayə iqlimi, biznes mühiti beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında yüksək dəyərləndirilən, cəlbedici ölkə kimi tanınan Azərbaycanın iqtisadi qüdrətinin gücləndirilməsində onların yaxından iştirakı hər baxımdan vacibdir.

O günlərdən ötən müddətdə Azərbaycanda çox mühüm hadisələr baş verib, ölkəmizin dünya siyasətində mövqeləri möhkəmlənib, diplomatik uğurlarının sayı artıb. Ən böyük uğurumuz isə 30 il işğal altında qalan torpaqlarımızın 44 gündə azad olunmasıdır. Artıq həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir , nəqliyyat və kommunikasiyalar dəyişilir, yollar çəkilir. Azərbaycanın öz imkanları daxilində aparılan bərpa-quruculuq işlərində iştirak üçün müraciət edən xarici şirkətlərin sayının artması ölkəmizə maraqdan qaynaqlanır.

Azərbaycan yenə qonaq-qaralı günlərini yaşayır. Dünya Azərbaycanlılarının V qurultayının mədəniyyət paytaxtımız Şuşada keçirilməsi ölkəmizin beynəlxalq ictimaiyyətə daha bir təqdimatıdır. Qısa müddətdə işğaldan azad olunan torpaqlarda aparılan bərpa-quruculuq işlərinin dinamikası, əhatə dairəsi, görülən işlərin mahiyyəti və əhəmiyyəti ölkəmizin iqtisadi qüdrətinin ifadəsi kimi qurultay iştirakçılarının marağına səbəb olacaq. Bütün dünya ictimaiyyəti təcavüzkar Ermənistanı 44 gündə məğlub edən Azərbaycan xalqının birlik və həmrəyliyinin sarsılmazlığını bir daha görəcəklər. Qonaq kimi dəvət olunsalar da eyni zamanda, ev sahibləri olan qurultayda iştirak edəcək soydaşlarımızın doğma Vətənə gəlişi hər baxımdan sevindiricidir. Soydaşlarımızla birlikdə beynəlxalq təşkilatları təmsil edən qonaqların qurultaya dəvət olunmaları erməni vandallarının işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da önəmlidir. İşğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanışlıq zamanı xarici ölkələrdə bizneslə məşğul olan soydaşlarımız daha çox doğma respublikamıza sərmayə yatırmaqda maraqlı olacaqlar. Çünki yatırılan investisiyalar həm soydaşlarımız, həm də Azərbaycan üçün xeyirli olacaq
Aprelin 25-dək davam edəcək qurultayın Azərbaycanın tarixində əlamətdar hadisə olacağı şəksizdir. Necə deyərlər, dost gəlişi bayram olsa da, qardaşların bir araya gəlməsi, bir amal naminə birləşməsi bütünlükdə xalqımızın bütövlüyünün, möhtəşəmliyinin təsdiqidir.

Daha çox xəbərlər