Gündəm 

“Azəriqaz” 350-dən çox sənaye obyektinin qazla təminatını dayandırıb

Fövqəladə Hallar Nazirliyinin, Energetika Nazirliyinin və SOCAR “Azəriqaz” İB-nin birgə yaradılan monitorinq qrupunun apardığı təftiş çərçivəsində bu günə qədər 1500-ə qədər sənaye obyektinə baxış keçirilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İB-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi İlkin Behbudov məlumat verib.

O bildirib ki, baxış keçirilən sənaye müəssisələrində daha çox tikinti norma və qaydalarının, eləcə də layihə smeta sənədlərinin pozulması faktları aşkarlanır:

“Belə ki, müəssisənin qazlaşması layihə-smeta sənədləri əsasında həyata keçirilir. Həmin sənədlərlə isti su və istilik sisteminin təminatı nəzərdə tutulsa da, sonradan obyekt sahiblərinin qeyri-qanuni olaraq qaz xəttinə bu və ya digər formada müdaxilə etdikləri məlum olub. Belə ki, müdaxilə nəticəsində zirzəmi, yarımzirzəmi və qazlaşması mövcud qanunlarla qadağan olan yerlərə qaz çəkilməsi faktları aşkarlanıb.

Bakı şəhəri və Abşeron rayonu ərazisində 1500 sənaye müəssisədə 356 halda nöqsanlar aşkarlanıb. Həmin bu 356 sənaye obyektinin qaz təminatı tərəfimizdən dayandırılıb. Belə ki, 274 obyektdə layihə-smeta sənədləri əsasında “Azəriqaz” İB tərəfindən sayğac quraşdırılıb. Lakin quraşdırılan sayğaclara mövcud qanunla nəzərdə tutulmayan qoşulmaların olması və “Azəriqaz” İB ilə obyekt arasında bağlanan müqavilənin tələblərinin pozulması səbəbi ilə həmin obyektlərin qaz sayğacları çıxarılıb və plomblanıb. 82 halda isə ümumiyyətlə sayğaclar yerində qalıb, qaz təchizatı dayandırılıb.

Ümumilikdə qeyd edilən nöqsanlardan Abşeron rayonunda iki fakt, Binəqədi rayonunda 15, Nərimanov rayonunda 78, Nəsimi rayonunda 63, Nizami rayonunda 42, Qaradağ rayonunda 6, Sabunçu rayonunda 9, Səbaildə 36, Suraxanı rayonunda 39, Xətai rayonunda 75, Xəzər rayonunda 5, Yasamal rayonunda isə 16 belə fakt aşkarlanıb. Bu obyektlərin qaz təminatı tərəfimizdən dayandırılıb”.

“Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bu həftə ərzində regionlar üzrə də monitorinq qrupu, komissiya yaradılıb. Məlum hadisədən sonra artıq regionlarda da “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən müvafiq yoxlamalar həyata keçirilir. FHN və digər orqanlarla birlikdə həmin komissiyaya cavabdeh şəxslər təqdim etmişik, əməkdaşlar artıq regionlarda fəaliyyətə başlayıblar”, – deyə şöbə rəisi qeyd edib.

Daha çox xəbərlər