Taxıl sahələrində ikinci suvarma aparılır
Mühüm strateji sahə olan taxılçılıq Ağdaş rayonunda kənd təsərrüfatının aparıcı istiqamətlərindəndir və hazırda hər yerdə yüksək məhsul üçün zəruri olan ikinci suvarma kampaniyası davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 16 min 62 hektar sahədə taxıl yetişdirilib. Əkinlərin 15 min 112 hektarı suvarılan sahələrdir. Hazırda bütün ərazi dairələrində bu zəruri aqrotexniki tədbirin yüksək keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərilir. Rayonda daha çox taxıl əkilən Yuxarı Nemətabad, Ərəb, Ərəbocağı, Qoşaqovaq, Qolqəti və bir sıra digər icra nümayəndəliklərində bu mühüm tədbir daha yüksək aqrotexniki tələblər səviyyəsində həyata keçirilir.
Sahələrin suvarılması mütəxəssislərin nəzarət altında aparılır.
Qeyd edək ki, rayonda əkinlər Türyançay, Yuxarı Şirvan kanalı və Kür çayı vasitəsilə suvarılır.

