Cəmiyyət 

Narkomaniya böyük təhlükə mənbəyidir

Narkomaniyanı “ağ ölüm” adlandıranlar heç də yanılmayıblar. O ağır bəlaların, görünməmiş fəsadların mənbəyinə çevrilir, insanları həm mənəvi, həm də fiziki cəhətdən məhv edir, uşaqların şikəst doğulmasına səbəb olur. Narkotika aludəçilərinin ailələri dağılır, bəzi hallarda isə onlar ən ağır cinayətlərə belə əl atırlar. Buna görə də narkotika təkcə ondan istifadə edənlər, habelə ayrı-ayrı ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün, bəşəriyyət üçün çox ciddi təhlükə mənbəyidir. Təsadüfi deyildir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra narkomanlığa qarşı mübarizə xeyli gücləndirilmişdir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli, 1334 saylı Sərəncamına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir.

Həmin Proqramın həyata keçirilməsi istiqamətində Bərdə rayonunda da müəyyən işlər görülmüşdür. Rayon İcra Hakimiyyəti başçısının xüsusi Sərəncamı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə geniş tərkibdə komissiya yaradılmışdır. Perspektiv planda nəzərdə tutulmuş tədbirlərin kompleks şəkildə yerinə yetirilməsini təmin etmək üçün komissiya üzvləri arasında iş bölgüsü aparılmış, onların qarşısında konkret vəzifələr qoyulmuş, müvafiq tapşırıqlar verilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində qabaqcıl iş təcrübəsinin öyrənilməsi, mərkəzi orqanlar tərəfindən hazırlanmış əyani vasitələrin, təbliğat xarakterli materialların rayona gətirilməsi və geniş kütlələr arasında nümayiş etdirilməsi xüsusi diqqət mərkəzində olmuşdur.

Bu sahədə təbii ki, hüquq-mühafizə orqanlarının gücündən daha geniş istifadə edilir. 2021-ci il ərzində narkotiklərlə mübarizə  sahəsində polis şöbəsinin keçirdiyi məqsədyönlü əməliyyat-axtarış tədbirləri nəticəsində 86 cinayət faktı aşkar edilmişdir. Həmin faktlardan 32-si narkotiki qanunsuz əldə etmə və saxlama, 40-ı satış, 14-ü isə onun əkilib-becərilməsi ilə bağlı olmuşdur. Həmin faktlar üzrə, ümumiyyətlə, 53,28 qram narkotik vasitə olan heroin, 4,655 qram tiryək, 15 kiloqram 421 qram qurudulmuş marixuana məhv edilərək dövriyyədən çıxarılmışdır. Təsəvvür edin əgər bunlar vətəndaşlar tərəfindən istifadə edilsəydi, hansı fəsadlar baş verə bilərdi. Qeyd edək ki, aşkar olunmuş bu faktlar üzrə 85 nəfər cinayət məsuliyyətinə, 11 nəfər isə inzibati məsuliyyətə cəlb edilmişdir.

Həkim təyinatı olmadan narkotik vasitələri qəbul etdiklərinə görə dispanser və profilaktiki qeydiyyatda olan narkomanlarla və əvvəllər məhkum olunmuş bu qisim digər insanlarla mütəmadi olaraq profilaktiki söhbətlər aparılır. Onlardan yenidən cinayət törətməyə meyilli olanların hərəkətlərinin əməliyyat yolu ilə izlənməsi davam etdirilmişdir. Bundan əlavə aidiyyatı idarə və müəssisələrin, inzibati ərazi vahidi üzrə nümayəndələrin, bələdiyyələrin yaxından köməkliyi nəticəsində rayon ərazisində yabanı halda bitən, tərkibində narkotik maddələr olan xeyli bitki aşkar edilərək yandırılmışdır. Bütün bunlar rayonda nəşr edilən “Bərdə” qəzeti vasitəsi ilə əhaliyə çatdırılmışdır.

Hər il olduğu kimi, ötən il də respublikamızda “Xaş-xaş” şərti adı altında keçirilən əməliyyat rayonumuzda da öz konkret nəticəsini göstərmişdir. Bu məqsədlə rayonun hüquq-mühafizə orqanları ilə birlikdə xeyli iş görülmüşdür.

Məlum olduğu kimi, narkotika ilə mübarizədə narkoloji xəstələrin düzgün uçotu və onların müalicəsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə rayonda xüsusi narkoloji kabinet fəaliyyət göstərir. Daha ağır xəstələr vaxtaşırı olaraq Bakı və Gəncə şəhərlərinə müayinə və müalicəyə göndərilir. Polis şöbəsi ilə dispanser qeydiyyatında olan xəstələrin vaxtaşırı uçotunun üzləşdirilməsi aparılır. Növbəti müalicədən yayınan və poliklinikaya gəlməkdən imtina edənlər polis sahə müvəkkillərinin köməyi ilə müalicəyə cəlb olunurlar.

Narkomanlığa və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə profilaktik tədbirlərin öz yeri var. Bu məqsədlə hüquqi söhbətlərin aparılması, ictimai qınaq vasitəsindən istifadə edilməsi, mətbuat vasitəsi ilə təbliğat işinin gücləndirilməsi də işimizin müəyyən mərhələsini təşkil edir. Bunun üçün rayon Gənclər, idman və turizm idarəsi, Təhsil şöbəsi, digər əlaqədar təşkilatlarla birgə xeyl iş görülmüşdür. Rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “Ağ ölüm cəmiyyətin bəlasıdır”. “Narkomanlıqla mübarizə hamınlın borcudur” mövzusunda rəsm və inşa yazı müsabiqələri keçirilmişdir. Daha yaxşı rəsm və yazı işləri “Bərdə” qəzetində dərc edilmiş, onların müəlliflərinə geniş ictimaiyyətin iştirakı ilə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin, təhsil və səhiyyə şöbələrinin, kənd ərazi icra nümayəndələrinin, gənclər və idman təşkilatlarının, ağsaqqalların, ziyalıların, geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhər mədəniyyət evində narkomanlığa və narkotik vasitələrin yayılmasına qarşı Ümummilli Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi və “Ağ ölüm”ə qarşı kütləvi mübarizənin gücləndirilməsi barədə geniş müzakirələr keçirilmişdir. Həmin tədbirdə rayonun əmək kollektivlərində çalışan gənclər, habelə orta məktəblərin yuxarı sinif şagirdləri fəal iştirak etmişlər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” Dövlət Proqramının tələblərinin tam yerinə yetirilməsi daim diqqət mərkəzindədir. Planlaşdırılmış tədbirlərin icrası vaxtaşırı olaraq  bu məqsədlə yaradılan rayon komissiyasında geniş müzakirə olunur, bununla əlaqədar qarşıdakı vəzifələr müəyyənləşdirilir. Bu sahədə nəzərdə tutulan bütün tədbirlər rayon İcra Hakimiyyəti başçısının ciddi nəzarəti altında həyata keçirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Bərdə rayon Komissiyası

Daha çox xəbərlər