Cəmiyyət 

Siqaret çəkənlər zərərli vərdişdən qurtulmaq üçün öz güclərinə inanmalıdırlar

Siqaret çəkmək sağlamlıq üçün zərərli vərdişlərdən biridir. Hər il milyonlarla insan tütünün qurbanına çevrilir. Siqaret tüstüsü yaşından asılı olmayaraq hər kəsə mənfi təsir göstərir və orqanizmdə, əsasən də ağciyərlərdə bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Bir çoxları tütündən imtina üçün elektron siqaretdən istifadə edir. Açıq şəkildə satışı olan elektron siqaretlərin ən zərərlisi yağlı şəkildə hazırlanan turşu və ağır metallardan ibarət olanlardır.

ARANTV.AZ xəbər verir ki, psixoloq Rafiq Allahverdiyevin dediyinə görə, tütünə meyllik daha çox 13-14 yaşlarında başlayır: “Həmin yaş dövründə olan uşaqlarda ailə sevgisi, ailə bağları az olanda əksər hallarda şəxsiyyətini təsdiq etmək üçün küçəyə üz tutur, sosial keyfiyyətlər əxz etməyə meyillənirlər. Küçə həyatının isə öz qanunları var, onlar tədricən siqaret asılılığına rəvac verirlər. Həmin vaxt onlar zərərli olmadığını düşünüb elektron siqaret çəkir və özlərini aldadırlar”.

Siqaretin böyük bəlalarından biri də onun passiv şəkildə yayılması, tütün çəkənin yanında durmaq və ya onunla təmasda olmaq passiv tütünçəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Tədqiqatlar göstərir ki, uşaqlarda infeksiyaların 13 faizi ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır. Psixoloq onu da əlavə edib ki, zərərli vərdişlərin xarakterlə əlaqəsi yoxdur: “Bundan qurtulmaq üçün isə insanlara fərdi yanaşmaq lazımdır. Hərəkətlərinə görə insanları alçaltmaq lazım deyil, əksinə onlara motivasiya vermək və siqaretdən xilas olmaq üçün gücü olduğuna inandırmaq lazımdır”.

Tütün aludəçisi olmamaq üçün güclü iradədən başqa sağlam təfəkkür də vacibdir. Tərkibindəki zərərli maddələrlə ciyərləri, göz damarlarını, qırtlaq, qida borusu xərçəngi kimi xəstəliklərə səbəb olan nikotin eyni zamanda iştahanı azaldır, yuxu rejimini pozur. Ona görə də hər kəs özünün və ətrafdakıların sağlamlığını tütünə qurban verməməlidir.

Daha çox xəbərlər