Hər birimiz cəmi üç giqabayta sığırıq: Qocalmanı dayandıra biləcək gücə malik DNT haqda nələr məlumdur? – FOTO
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoyun insan DNT-si ilə bağlı müsahibəsini təqdim edirik:
– Yavər müəllim, DNT nədir və onun strukturuna nələr daxildir?
– Dezoksiribonuklein turşusu (DNT) – canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəslə ötürülən biopolimerdir. Bəzi viruslar istisna olmaqla, bütün orqanizmlərin DNT molekulu var. O, orqanizmin hüceyrələrində həyata keçən bütün metabolik proseslərin davamlılığını təmin edərək nəzarəti özündə saxlayan, genetik məlumatın nəsildən-nəslə ötürülməsini təmin edən quruluşdur.
DNT strukturunun müəyyən edilməsi genetika sahəsində böyük bir dönüş nöqtəsi olub. DNT molekulunda adenin, quanin, timin və sitozin adlı dörd növ azotlu əsas var. Molekulun bir zəncirindəki əsaslar digər zəncirlə komplementarlıq prinsipinə uyğun olaraq əlaqə yaradırlar. Belə ki, adenin timin ilə, quanin isə sitozin ilə qoşalaşmış komplekslər əmələ gətirir. Məhz bu xüsusiyyət DNT maddəsinin RNT (Ribonuklein turşusu) polimerinə ötürülməsinə imkan verir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və işlədilməsi, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi vacib proseslərin əsasını təşkil edir.
– Bildiyiniz kimi, aprelin 25-i Beynəlxalq DNT Günüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumat verərdiniz.
– Bəşəriyyətin ən vacib və eyni zamanda ən müəmmalı kəşflərindən biri sayılan DNT molekulunun quruluşu haqqındakı məqalə 1953-cü ildə Ceyms Uotson, Frensis Krikin, Moris Uilkins və Rozalind Franklin tərəfindən “Nature” jurnalında nəşr olunub. Beynəlxalq İnsan Genomu Araşdırma İnstitutunun (National Human Genome Research Institute – NHGRI) 1990-cı ildə başladığı İnsan Genom Proyekti 2003-cü il aprelin 25-də müvəffəqiyyətlə başa çatdırıldı.
NHGRI-nin 108-ci Konfransında hər il aprelin 25-də Beynəlxalq DNT Günü kimi qeyd olunması qərara alındı. Beynəlxalq Gün xəstəliklərin müalicəsi, insan ömrünün uzadılması, sağlam və daha keyfiyyətli yaşayış mövzusunda növbəti əsrlər üçün yeni perspektivlər açan, insanın mənşəyi mövzusunda yeni nəticələr təmin edən genetikanın əhəmiyyətini geniş auditoriyaya yaymaq məqsədi daşıyır.
– DNT haqqında ən maraqlı faktlar hansılardır?
– İnsanları bir-birindən ayırmaq qabiliyyətinin mənbəyi DNT-dir. İnsan DNT-si təxminən üç milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün insanlar üçün eynidir. İnsan DNT-si təxminən üç milyard əsasdan ibarətdir və bu əsasların 99 faizindən çoxu bütün şəxslərdə eynidir.
İnsan genomu olan üç milyard DNT zənciri məlumat şəklinə salındıqda təxminən üç GB yer tutur. Model həll edilməmiş müxtəlif sualları, genetik məlumatın gələcək nəsillərə necə ötürüləcəyini, kopiyalanmasını və ya müvəqqəti olaraq necə bloklanmasına kömək edir. İnsan Genomu Proyekti, həmçinin məlumatların təhlili üçün istifadə olunan avadanlıqların inkişaf etdirilməsini təmin etdi. Dövrümüzdə elm sahəsində irəliləyiş, bu kriteriyalar olmadan mümkün deyil. Genetika sahəsində aparılan tədqiqatlar nəticəsində bir çox nailiyyətlər qazanılıb və gələcəkdə insan DNT-si üzərində effektiv və dəqiq üsullar hazırlana bilər.
– Orqanizmə aid cavabları tapmaq üçün xəstəliklərin xüsusi diaqnostika və müalicə üsullarına nə aiddir?
– Bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi, genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi proseslərin həll olunması üçün çox vacibdir.
DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub. Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəslə ötürülməsinin qarşısı alına bilər. Qocalmanın dayandırılması və ya ləngidilməsi kimi ciddi yeniliklərin mümkünlüyü gözlənilir.

