Cəmiyyət 

Astaranın illərdir baxımsız qalan “Eyfel” qülləsini bəzəmək təklif edildi – FOTO

Astaranın Ərçivan qəsəbəsində yerləşən və Fransanın “Eyfel” qülləsini xatırladan teleqüllə baxımsız vəziyyətdədir.

31 ildir görünüşündə heç bir dəyişiklik edilməyən, Astaranın “Eyfel”i adlandırılan bu teleqüllənin turizm simvoluna çevrilməsi üçün milli ornamentlərimizin əks olunduğu rəmzlər, neon işıqlarla bəzədilərək daha müasir üsluba gətirilməsi təklif olunur.

Teleqüllənin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlara çağırışlar edilib.

Məlumat üçün bildirək ki, 1981-ci ildə 243.9 metr hündürlüyündə inşa olunan, poladdan hazırlanan teleqüllədən SSRİ vaxtilə hərbi məqsədləri üçün istifadə edib. Həmin dövrdə teleqüllə teleötürücü kimi, İran teleyayımlarının qarşısını almaq üçün istifadə olunub. İnşasını koreyalılar həyata keçiriblər. Hazırda da teleqüllə FM radio və televiziya yayımının ötürülməsi məqsədilə, həm də mobil təkrarlayıcı kimi istifadə olunur.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Səfail Məmmədov sözügedən təkliflə razılaşaraq, aidiyyəti qurumların bu məsələyə cavabdeh olduğunu bildirib:

“Həmin qüllə fəaliyyət göstərir. Ola bilər, qüllənin dəmirləri paslanıb. Amma bu onun baxımsız olduğunu deməyə əsas vermir. Hər halda, dediyiniz təkliflə bağlı cavabdeh qurumlar hansısa işləri həyata keçirə bilərlər”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva isə qurumun e-mail ünvanına rəsmi sorğu ilə müraciət edilməli olduğunu qeyd edib.

Xatırladaq ki, Konstitusiya Araşdırmaları Fondu bu günlərdə cənub bölgəsinə mediatur təşkil edib. Tur çərçivəsində rayonun Ərcivan qəsəbəsindən keçən jurnalistlər baxımsız vəziyyətdə olan teleqüllənin görüntülərini lentə alıblar.

 

Daha çox xəbərlər