Gündəm 

Bakının ürəyində min bir GÖZƏLLİK – “KOB Fest” sərgisindən FOTOREPORTAJ

İçərişəhərdə sabah saat 20.30-dək açıq olacaq “KOB Fest” sərgi-satış yarmarkası öz işinə başlayıb.

ARANTV.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan “KOB Fest” – sərgi-satış yarmarkasının məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaqdır.

Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər.

“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin 1000-dən çox çeşiddə məhsulları nümayiş olunur.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bu kimi sərgilərin gələcəkdə də keçiriləcəyini vurğulayıb:

“Bu gün burada 80-ə yaxın mikro, kiçik, orta sahibkarlıq subyektini toplayıb öz məhsullarını tanıtmaq və satışlarını artırmaq üçün şərait yaratmışıq. Bu sərgilərin bütün regionlarda keçirilməsini nəzərdə tuturuq. Artıq havalar düzəlib, bu sərgilərin keçirilməsi planlaşdırılır. Sahibkarlıq inkişaf edir, sahibkarlar gündəlik fəaliyyətlərində azaddırlar. Təbii olaraq dövlətin yaratdığı şərait və imkanlara görə də onlar dövlət siyasətinin yanındadırlar”.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu gün sərgidə kiçik və orta sahibkarların nümayiş etdirdikləri görülən işlərin hələ bir qismidir:

“Bu – görülən işlərin əyani sübutudur. Biz bütün sahibkarların yaratdıqları, iqtisadiyyata verdikləri əlavə dəyəri sadalasaq, tədbirin vaxtı yetməz. Bu fədakarlıqlara görə nazirlik adından sahibkarlarımıza təşəkkür edirəm. Azərbaycan sahibkarlarının tək ölkə daxilində deyil, sərhədlərimizdən kənarda da ölkəmizi layiqincə təmsil etmələri üçün dövlət səviyyəsində zəruri olan bütün tədbirlər görüləcək”.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə illər öncə sahibkarların İçərişəhərdə yaratdıqları ictimai iaşə obyektlərinin, hotellərin sayının 40-dan 200-ə çatdırıldığını vurğulayıb:

“Bir tərəfdən ictimai iaşə obyektlərinin sayının artması müsbət olsa da, bu da özlüyündə nəqliyyatın sayını artırır. Sözsüz ki, bu zaman tarixi obyektlərin zədələnməsi riskləri də artır. Amma biz çalışırıq ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bu balansı daim qoruyaq. İçərişəhər birbaşa dövlət başçısının diqqətindədir və Birinci vitse-prezident Mehriban Əliyeva da buraya həssas yanaşır. Burada müxtəlif fəaliyyətlər vasitəsilə İçərişəhərdəki bir tərəfdən tarixi abidələrin, digər tərəfdən sahibkarların və yerli icmanın inkişafına dəstək proqramları həyata keçirilir. Hər zaman sahibkarların fəaliyyətinin uğurlu olmasını diləyirik, çünki bu, dövlət iqtisadiyyatına da müsbət təsir göstərir”.

“Aqrarkredit” SKT İH sədri Məmməd Musayev isə qeyd edib ki, 20 il ərzində sahibkarlıq ölkəmizdə yüksək sürətlə inkişaf edib:

“Ölkəmizdə ümumi daxili məhsulun artım tempi, xarici ticarət dövriyyəsi, neft və qeyri-neft sektorunun inkişafının şahidi oluruq. Bu gün Azərbaycanda özəl sektorda çalışan sahibkarlar 84 faiz təşkil edirlər. Bu ölkədə iqtisadiyyat sahəsində görülən işlərin bariz nəticəsidir”.

Daha çox xəbərlər