Gündəm 

Zəfər Qurultayı göstərdi ki…

Qarabağın tacı olan qədim Şuşamızda Dünya Azərbaycanlılarının 5-ci Qurultayının keçirilməsi qüdrətli Azərbaycan dövlətinin həyatında yeni bir səhifədir. Bu möhtəşəm tədbirin  Zəfər Qurultayı adlandırılmasını İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin məntiqi nəticəsi də hesab etmək olar. Bu qurultay həm də Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında fəal rol oynayan diasporumuzun tarixi torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk böyük görüşü olmaqla dünyaya bir həmrəylik mesajı oldu.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli həmrəylik modelini yaradan böyük dövlət adamı olub. Ulu Öndər dünya azərbaycanlılarının  həmrəyliyinin əsas prinsiplərini belə ifadə edirdi: «Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir».

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı nitqində deyib: «Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir».

Prezident İlham Əliyev Zəfər Qurultayında xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər salıb, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs edib. Azərbaycan Prezidenti Qurultayda konseptual xarakterli nitqində postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin mövqeyi haqqında fikirlərini çatdırıb. Zəfər Qurultayından Ermənistana və ona dəstək verən dövlətlərə ünvanlanan  bu mesajlar bu günün reallıqlarının təqdimatı kimi dəyərləndirilməlidir: «Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır».

Prezidentin Zəfər Qurultayındakı nitqi Azərbaycan diasporunun gələcək fəaliyyətinin yol xəritəsi oldu. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanlarını daha da genişləndirdi.Bir daha aydın oldu ki, harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən hesab edən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi gələcəkdə də davam edəcəkdir. Axı, milli birlik, Vətənə bağlılıq hissləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Qrabağın tacı Şuşada keçirilən bu tarixi qurultay bir daha göstərdi ki, biz güclü millətik  və Azərbaycan bölgənin şəriksiz söz sahibidir.

Daha çox xəbərlər