Qəzaları qaçılmaz edən
Yol-nəqliyyat hadisələri hansı səbəblərdən baş verir?
Müasir şəraitdə nəqliyyat vasitələri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gün ərzində taksi, şəxsi minik avtomobili, avtobus, gəmi, metro və bir çox başqa nəqliyyat vasitələrindən istifadə etməli oluruq. Təəssüf ki, bu nəqliyyat üsullarından istifadə edərkən qəzalar da baş verir.
İstər piyada, istər sərnişin, istərsə də sürücü olaq yol qəzaları bizim və ya başqasının ucbatından baş verə bilər. Müxtəlif səbəblərdən baş verən bu qəzalar insanlara həm maddi, həm də mənəvi ziyan vurur.
ARANTV.AZ son zamanlar tez-tez baş verən qəzalarla bağlı ekspertlərin fikirlərini öyrənib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, səbəb müxtəlif amillərlə bağlıdır: “Statistik rəqəmlərə nəzər salsaq görərik ki, yol hərəkəti qaydalarının pozulması sürət həddinin aşılması, işıqforun qırmızı işığında hərəkət, əks istiqamətli yola çıxmaq və digər hallarda baş verir. Digər səbəb piyadaların yol hərəkəti qaydalarını pozmasıdır ki, bununla da ümumi hadisələrin təxminən 50 faizə yaxını elə piyadaların payına düşür”.
Ekspert onu da diqqətə çatdırdı ki, burada digər amillərdən biri də bəzi hallarda yol şəraitinin normal vəziyyətdə olmamasıdır: “Yolların işıqlandırılması, işıqlanma xətlərinin düzgün quraşdırılması kimi halları aidiyyəti qurumlar mütləq nəzərə almalıdırlar. Beləliklə, yol nişanları, nişanlama xətləri daim nəzarət altında saxlanılmalıdır. Gərək sürücü də, piyada da uzaqdan gələn maşını, nişanlama xəttini yaxşı görə bilsin ki, bu cür hallar baş verməsin. Əks təqdirdə bütün bunlar qəzaların, ölüm və xəsarət hallarının daha da artmasına səbəb ola bilər”.
E. Muradlı sürücülərə və piyadalara müraciət edərək onların yol hərəkəti qaydalarına ciddi əməl etmələrinin vacibliyini bildirdi: “İnanın ki, indiyə qədər bu qaydalara əməl etmək heç kimə ziyan gətirməyib. Amma qəzaya düşənlərdən “niyə qəzaya düşdün?” deyə soruşsaq “Qırmızı işıqdan keçdim, fikrim telefonda idi, içkili idim, avtoxuliqanlıq etdim” və digər bu kimi məzmunlu bəhanələr ortaya çıxaracaq. Piyadaya “Niyə səni maşın vurdu” deyə sual versək deyəcək ki, “Qaçaraq yola çıxdım, düşündüm ki, maşın mənə yol verər” bu vaxtı sürücü isə bildirəcək ki, mən də elə bildim ki, piyada dayanacaq. Nəticədə nə piyada, nə də sürücü dayanmır və qəza baş verir. Qaydalara əməl etmək üçün bu qədər ağır prosesdən keçmək lazımdırmı? Xeyr. Elə zənn etməyin ki, qəza sadəcə bir insanın faciəsidir. Bir qəza bütöv bir cəmiyyətin faciəsidir.”

Psixoloq Gülnar Orucova isə məsələyə psixoloji tərəfdən yanaşaraq bildirdi ki, yol qəzalarının sayının artmasının əsas səbəblərindən biri də psixoloji problemlərin olmasıdır: “Bu, nə deməkdir? Demək insanlar sürücülük vəsiqəsi alanda heç bir psixoloji testdən keçmirlər. Yəni, sürücülük vəsiqəsində ancaq sağlamlıq yoxlanılır və sağlamlığa görə arayış verilir. Bununla da nevrozdan, panikatakdan və digər psixoloji problemlərdən əziyyət çəkən insanlar da maşın sürürlər. Onu da qeyd edək ki, insanlarda sürətli avtomobil idarəsi, yersiz manevrlər etmək bir növ özünü təsdiqlətmək, özünü cəsarətli, gözəl bir şəkildə göstərmək arzusu olur. Həmçinin içkili sükan arxasına oturmağı özünə böyük bir qeyri-adi addım kimi görür. Burada yaş kateqoriyası yoxdur. Bu cür hallara gənclər arasında da yaşca böyük insanlar arasında da rast gəlirik. Təəssüf ki, bunları idarə etməkdən başlamalıyıq ki, avtomobil idarə etmək özünü ifadə etmək üçün deyil. Bu, bir yol hərəkət vasitəsidir. Yol keçmək üçün, piyada üçün qaydalar var. Ona ciddi riayət etmək lazımdır. Anlamaq lazımdır ki, bugün yol keçərkən və yaxud da avtomobil idarə edərkən özümüzə icazə verdiyimiz hər artıq addım, qaydalara zidd olan addım faciəvi sonla bitə bilər”.

