Region Xəbərləri 

Şəhid Ruslan Nərimanzadənin xatirəsi doğum günündə anılıb

Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid Ruslan Nərimanzadə doğum günündə məzarı ziyarət olunub, əziz xatirəsi anılıb.
Allah rəhmət eləsin!

Daha çox xəbərlər