Region Xəbərləri 

Bu Zəfərin qazanılmasında dünya azərbaycanlılarının da payı var idi.

“Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycanın tarixi torpaqları havadarlarının dəstəyi ilə erməni qəsbkarları tərəfindən 30 il işğal altında saxlanılırdı. Bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, öz doğmalarını itirmişdir. Milli-mənəvi sərvətlərimiz dağıdılıb, talan edilmiş, bir çox kəndlərimiz, qəsəbələrimiz tamamilə yer üzündən silinmişdir. ATƏT-in Minsk Qrupu, demək olar ki, tamamilə fəaliyyətsiz idi. Minsk Qrupunun qəbul etdiyi bəyanatlar yalnız kağız üzərində qalırdı. Erməni tərəfi bu bəyanatlara heç bir əhəmiyyət verməyərək yeni torpaq iddiasıyla təmas nöqtələrimizi durmadan atəşə tuturdu. Uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə yüksək səviyyədə təlim görmüş Milli Ordunun, qəhrəman, igid vətən oğullarının sayəsində doğma vətən torpaqlarımız işğaldan azad edildi.
Bu Zəfərin qazanılmasında dünya azərbaycanlılarının da payı var idi.
Artıq Azərbaycan doğma Qarabağda, azad olunmuş Şuşada Dünya Azərbaycanlılarının Zəfər qurultayını keçirir. Dünya azərbaycanlılarının V-ci Qurultayının Zəfər Qurultayı adlandırılması da təsadüfi deyildir. Tarixi zəfərimizdən sonra bu ilk qurultaydır ki, dünya azərbaycanlıları doğma vətənlərinə toplaşır. Bu qurultayın isə məhz Şuşada keçirilməsi olduqca qürurvericidir.
Sevimli Şuşa da qucağını açaraq illərlə görmədiyi doğmalarını ilıq hava ilə, hərarətlə, gül-çiçəklə qarşılayırdı.
Azad edilmiş torpaqlarımızda bu gün qlobal işlər gedir. Yollar, tunellər çəkilir, binalar, evlər tikilir, bu yerlərdən qaçqın, köçkün düşmüş soydaşlarımızın öz doğma dədə-baba yurdlarında rahat yaşamaları üçün hər bir şərait yaradılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağıdılmış Ağdamı xarici ekspetlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxardırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşizmi məhv etdik”.
Müharibədən əvvəlki dövrdə və müharibə vaxtı Azərbaycan Prezidenti dəfələrlə xarici mətbuatlara müsahibə verdi. Öz çıxışlarında cənab Prezidentimiz həqiqəti bütün dünyaya çatdırdı.
Xalqımız bundan sonra da susmamalı, daim haqq səsini ucaltmalıdır. Bu haqq səsimizi bütün dünyaya çatdırmaq üçün dünya azərbaycanlıları da olduqca fəal olmalıdır. Düşmən çox hiyləgər və məkrlidir, odur ki, belə qonşu ilə həmişə ayıq-sayıq olmalıyıq.
Kollecin Tarix müəllimi Türkan Qarayeva

Daha çox xəbərlər