Gündəm 

Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları Azərbaycan diaspor təşkilatları üçün əsl fəaliyyət proqramı hesab olunur. Xaricdə yaşayan milyonlarla soydaşımız özünü daha arxalı, daha güvənli hiss edir və faydalı iş əmsalını artırmaqla xalqımız, millətimiz haqqında müsbət rəy formalaşdırır.
Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir
Xaricdəki soydaşlarımızın böyük bir qrupunun bu günlərdə mədəniyyət paytaxtımız Şuşada toplaşaraq özlərinin V qurultayını keçirmələri böyük tarixi hadisədir. Bu, ilk növbədə, xain qonşularının təcavüzünə məruz qalmış Azərbaycanın haqq işinin və uğurlarının dünyada geniş təbliğ olunması deməkdir. Eyni zamanda dövlətimizin harada yaşamasından asılı olmayaraq, daim öz vətəndaşlarının yanında olması, onlara sahib çıxması və informasiya cəbhəsində yeni uğurlar qazanması amalının təzahürüdür.
Vətən müharibəsi dövründə diasporlarımız yaşadıqları məkanlarda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması və ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində fəal iş aparıblar. 44 günlük Zəfər yürüşü zamanı diaspor təşkilatlarımız dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçiriblər və həmin aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların nümayəndələri iştirak ediblər. Bundan başqa, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi fərəh doğuran faktdır.
Qurultaydakı çıxışlardan, mətbuata verilən müsahibələrdən də göründüyü kimi, iştirakçılar Şuşada olmalarından hədsiz iftixar duyub və buna görə dövlətimizin başçısına ürəkdən minnətdar olublar. Onların hamısı həm qeyrət qalamız olan azad şəhərdə Vətən havası udmaq, həm cənab İlham Əliyevin dərin mənalı nitqini dinləmək, həm də burada bir-biri ilə tanış olaraq gələcək fəaliyyətlərinin aydın konturlarını müəyyənləşdirmək imkanı qazandıqları üçün özlərini son dərəcə xoşbəxt hiss etdiklərini sevinə-sevinə dilə gətiriblər. Qurultay nümayəndələri cənab İlham Əliyev tərəfindən diasporun fəaliyətinin müsbət qiymətləndirilməsindən hədsiz məmnunluqlarını ifadə edərək deyiblər ki, bu, onları gələcək işlər üçün xüsusilə ruhlandırır. Prezident növbəti qurultayadək tapşırıqları və fəaliyyət istiqamətlərini dəqiq müəyyənləşdirib. Qurultaydan böyük mənəvi stimul aldıqlarını söyləyən iştirakçılar qətiyyətlə bildiriblər ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bundan sonra da var qüvvə ilə çalışacaqlar.
Gizli deyil ki, postmünaqişə dövründə erməni lobbi təşkilatları və onların havadarları Azərbaycana qarşı çirkin təbliğat aparırlar. Ona görə də bizim diaspor nümayəndələriniz yaşadıqları ölkələrdə əsl Azərbaycan həqiqətlərini daha intensiv təqdim etməli və ermənilərin işğal dövründə törətdikləri vandallıqlar haqqında məlumatların daha dolğun şəkildə təqdim olunmasına çalışmalıdırlar. Onlar daha əhatəli şəkildə təsisatlanmalı, öz aralarında koordinasiyanı gücləndirməli, birgə səmərəli fəaliyyətə nail olmalıdırlar

Daha çox xəbərlər