Motosikletçini döyən “Lexus” sahibi saxlanıldı – YENİLƏNİB + VİDEO
Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq.
09:52
Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.
Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.

