Ordumuzun igidliyi və dövlət başçımızın uğurlu siyasəti nəticəsində Qalib Azərbaycan vətəndaşlarıyıq
Azərbaycanın rəşadətli ordusu Vətən müharibəsində 30 illik bir mifi dağıdıb düşmənə – ermənilərə , öz gücümüzü, ordumuzun və dövlətimizin gücünü sübut edərək torpaqlarımzı işğaldan azad etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə uğurla nəticələndi. Ermənistanın işğalı altında olan 300-ə yaxın kənd, 4 qəsəbə, xeyli sayda strateji yüksəklik düşmən tapdağından azad edildi. Bu ərazilərin hər birinin azad olunmasının arxasında böyük zəhmət, əziyyət, mübarizə əzmi, döyüşkənlik və ordumuzun, əsgərlərimizin igidliyi dayanırdı.
Ordumuz və əsgərlərimizin döyüş əzmi və qəhrəmanlığı ilə yanaşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, sərrast və dürüst açıqlamaları da müharibənin uğurla, qələbə ilə sonlamasında əhəmiyyətli rol oynadı.
Ordumuzun və əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti və döyüş əzmi kimsə üçün sirr deyil. Xüsusilə, əlverişsiz dağlıq ərazilərdə, çətin döyüş mövqelərində cəsarətlə və igidcəsinə şücaət göstərməsi müharibənin bizim xeyrimizə nəticələnməsində əhəmiyyətli rol oynamışdır. Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər bunun ən bariz nümunəsi idi. Ordumuzun şücaəti düşmən tərəfini mat qoymuşdu. Onlar çaş-baş vəziyyətdə idilər, nə edəcəklərini, necə müqavimət göstərməli olduqlarını bilmirdlər. Çünki bizim qəhrəman əsgərlərimiz ölümdən qorxmadan, fövqəltəbii cəsarət və igidlik göstərərək düşmən mövqelərinə hücum edirdi.
Bunun nəticəsində idi ki, 10 noyabr xalqımız üçün Zəfər bayramı, Qələbə günü kimi tarixə düşdü. Həmçinin biz qalib ölkə olaraq Ermənistan tərəfinə kapitulyasiya aktı imzalatmağı bacardıq. Eyni zamanda düşməni sülhə məcburetmə tədbirlərinin nəticəsi olaraq Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını qan tökülmədən qaytarmağı qəbul etməli oldu. Əgər Ermənistan döyüş meydanında rəşadətli ordumuz sayəsində məğlub olmuşdusa, diplomatik müstəvidə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində məğlub oldu. Bütün bunlar 44 günlük Vətən müharibəsi dövründə ordu, xalq və dövlətin bir yumruq kimi birləşdiyinin, birlikdə işğal altında olan ərazilərimizi düşmən tapdağından azad etmək mübarizə aprdığının göstəricisidir.
Xalqımız 44 günlük vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün döyüşən və şəhid olan, canından keçən igid oğullarını əsla unutmur və unutmayacaq. Biz onların əziz xatirəsini daima yad edəcəyik.
Prezident İlham Əliyev, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr–Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır.
Biz rəşadətli ordumuzun igidliyi və dövlət başçımızın uğurlu siyasəti nəticəsində Qalib Azərbaycan vətəndaşlarıyıq və bununla fəxr edirik. Yaşasın Azərbaycan!
2022-ci il aprelin 22-də Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiirildi. Qurultayın Şuşa şəhərində keçirilməsi tarixi hadisədir. Bu mötəbər və əlamətdar tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Dünya Azərbaycanlılarının V Qurultayının ilk dəfə işğaldan azad olunan Şuşa şəhərində keçirilməsi çox əlamətdar bir hadisə oldu. Məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi.
İlham Ağayev,
YAP Hişkədərə ərazi partiya təşkilatının sədr müavini

