Region Xəbərləri 

Düşmənə göz dağı olan Qurultay

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə aprelin 22-də Dünya Azərbaycanlılarının 5-ci Qurultayının cənnət Qarabağın döyünən qəlbi mədəniyyətimizin paytaxtı və tarixi qələbəmizin rəmzi olan,əziz,azad Şuşa şəhərində keçirilməsi hər bir azərbaycanlı üçün əlamətdar hadisədir. Bu Qurultayın Zəfər Qurultayı adlandırılması, bizim üçün deyil, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Dünya azərbaycanlıları Şuşada bir araya gələrək, diaspor tariximizdə bir ilkə imza atdılar. Cənab İlham Əliyevin dünyanın 65 ölkəsindən  Şuşaya gəlmiş 400-dək nümayəndənin qarşısındakı çıxışı: “  Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır… Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” fikirləri həmi bütün azərbaycanlıları öz döğma torpaqlarında,Qalib vətənində olmağın qürurunu yaşatdı.

Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, həmçinin 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi də Azərbaycançılıq ideyasının bütün azərbaycanlıların vahid məfkurəsini çevrildiyini, həmvətənlərimizin bir amal uğrunda birləşməyi bacardıqlarını sübuta yetirdi. Rəşadətli  Azərbaycan Ordusunun şanlı qələbəsi, xalqımızın haqq işi uğrunda mübarizə  əzmi, Müzəffər Ali Baş Komandanın cəsarəti, qətiyyəti hər bir azərbaycanlıda sonsuz sevinc yaşadaraq gələcəyə inamını daha artırdı.

Hazırda Qəhrəman,əziz Şuşa Vətənə qayıdandan sonra beynəlxlaq tədbirlərin, iclasların keçirildiyi məkana çevrilib. Şuşada tədbirə qatılan hər bir şəxs böyük qürur hisləri yaşayır. Dünyanın müxtəlif yerlərində yaşamağından asılı olmayaraq, hər bir azərbaycanlının yeganə vətəni Azərbaycandır.

I  qurultayda diaspor fəaliyyətimiz əsasən torpaqlarımızda erməni işğalına son qoydurmaq istiqamətində fikirlər səsləndirilirdi.Cənab İlham Əliyev Zəfər Qurultayında Ulu Öndərimiz Heydər Əliyevin I qurultaydakı  fikirlərini ifadə edərək “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik…”

İndi isə V qurultayda bütün dünya azərbaycanlılarının qarşısında müasir çağırışlara uyğun yeni vəzifələr qoyulmuşdur. Bu vəzifələr beynəlxalq təşkilatlarda təmsilçilik missiyamızı, informasiya müharibəsində mübarizəmizi daha da genişləndirmək, mənfur düşmənin bizə qarşı törətdikləri cinayətləri,soyqırımıları və vəhşilklərini dünyaya daha geniş şəkildə çatdırmaq istiqamətində sürətli və çevik həyata keçirilməlidir.

Planetin 65 ölkəsindən 400-ə yaxın nümayəndəmizin Şuşada bir araya gəlməsi qürur verici idi. Azərbaycan vətən sevdalı insanlara tarixi fürsət  yaratdı.Bu haqlı,halal sevincimizə dostlar sevindi,düşmənlər göz dağı çəkərək xar oldu! Müzəffər Ali Baş Komandan qurultayı yekunlaşdırarkən diaspora nümayəndələrimizə “Hamı bir yerdə: Qarabağ Azərbaycandır!” deməklə, əslində bütün dünya  bir daha Qarabağın vazkeçilməzliyi mesajını vermiş oldu.Allah bu sevincimizi daim etsin.

Cəlal Əliyev,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər