Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur
Dünya Azərbaycanlılarının V Qurultayında dövlət başçısı İlham Əliyev bir daha Azərbaycan gəncliyinin torpaq, Vətən sevgisinin tarixi Zəfərimizdə rolunu önə çəkərək bildirdi ki, 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Qurultayında səsləndirdiyi «Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq… Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər» fikirləri Azərbaycan gəncliyinin torpaq, Vətən sevgisinin torpaqlarımızın 30 illik işğalına son qoyulmasında roluna işıq salır və sabahımızın aydın təsəvvürünü formalaşdırır. Bu baxımdan ki, indiki və gələcək nəsillər qanları, canları ilə tarix yazan Vətən oğullarının həyat yolunu vərəqləyərək onların qəhrəmanlığından, şücaətindən bəhrələnəcək, Vətənin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, özlərinin bütün potensial imkanlarını qalib Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə istiqamətləndirəcəklər. Ölkə Prezidenti Şuşada dünya azərbaycanlıları qarşısındakı nitqində illərdir ermənilərin və onlara havadarlıq edənlərin y aratdıqları əsassız fikirlərinə diqqəti yönəldərək bildirmişdir ki, 44 gün ərzində əldə etdiyimiz Qələbə bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan bu 30 ildə işğal edilmiş torpaqlarda istehkamlar, müdafiə xətləri qurmuşdur. Eyni zamanda, Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq.
Amma əsas olan nəticədirsə, Azərbaycan Ordusu bu istehkamları yardı, Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü. Şuşa əməliyyatı ermənilərin kapitulyasiyasını şərtləndirdi. Azərbaycanın müharibədə udacağını düşünməyən qüvvələr bu məsələni diqqətdən kənarda qoymuşdular – Azərbaycan xalqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. «Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu.
Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazdı. O tarix ki, hər kəs onu səbirsizliklə gözləyirdi. Azərbaycan haqq mübarizəsi apardı, ədaləti bərpa etdi. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır! Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.
Dünya Azərbaycanlılarının V Qurultayında da bu mühüm məqam xüsusi vurğulandı ki, xalqımız birlik, həmrəylik göstərərək, dəmir yumruq kimi birləşərək, orduya dəstəyi ilə Qələbəmizi təmin etdi. Xalqımız hər zaman əmin idi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Səbirlə bu anı gözləyirdik və həmin gün gəldi. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsi, Ermənistanın məğlubiyyəti kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında şəhidlər verərək qazandıq.
Zəfər Qurultayında vurğulandığı kimi, İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi, amma bu gənclərin qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölüm-dirim savaşına aparırdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır. 44 gündə Ermənistan ordusu tamamilə məhv edildi. Ermənistanın məhv edilmiş silah-sursatının, texnikasının və qənimət götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Müqayisə üçün bu məqam xüsusi qeyd edilir ki, Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Bu, xalqımızın böyüklüyünün, qələbəyə inamının, xalq-iqtidar birliyinin və bütün dünya azərbaycanlılarının həmrəyliyinin göstəricisidir.
Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, milli və dövlətçilik maraqlarına bağlılıq Azərbaycan gəncliyinin başlıca xüsusiyyətlərindəndir. 44 günlük Vətən müharibəsində həlledici rol oynayan qəhrəman Azərbaycan əsgər və zabitləri onlara etibar olunan missiyanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəflə yerinə yetirdilər. Birinci Qarabağ müharibəsində düşmənə layiq olduğu cavabı verən Milli Ordumuzun əsgər və zabitləri İkinci Qarabağ döyüşlərində qələbə əzmini daha da gücləndirərək Ermənistanın «yenilməz ordu» mifini 44 gündə dağıtdılar. Gənclərimiz ölkənin iqtisadi qüdrətini artırmaqla, maliyyə imkanlarını möhkəmləndirməklə, diplomatiyada qazandığı uğurları ilə Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə açıqlamaqla Zəfərimiz üçün baza formalaşdıran Prezident İlham Əliyevin əzmi, siyasi iradəsi, qüdrəti ilə Azərbaycan xalqını illərdən bəri həsrətində olduğu istəyinə qovuşdurdular.
Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedib, şəhid olan oğullarımız müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Qələbəmizi şərtləndirən amillərdən söz açan Prezident İlham Əliyev xalqımıza baş ucalığı gətirən, milli ləyaqətimizi əks etdirən, varlığımıza vəsilə olan mənliyimizi bir sözlə ifadə etdi: Vətənpərvərlik! Bu söz Azərbaycan gəncliyinin fədakarlığına verilən qiymətdir. Müharibədə sinəsini qabağa verənlər arasında gənclərin ön sırada dayanması o deməkdir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gənci Vətəni qorumaq missiyasını qanı, canı bahasına yerinə yetirdi. Təkcə Şuşa uğrunda gedən döyüşlərdə yüngül silahlarla sıldırım qayalara dırmaşan, əlbəyaxa döyüşlərdə misli görünməyən tarix yazan, Qarabağı görməyən gənclərin belə torpaq, yurd, milli ləyaqət uğrunda savaşmaları onların Vətəni qorumaq istəyindən qaynaqlanırdı. «Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi» söyləyən Ali Baş Komandan Ermənistana bütün sahələrdə qalib gələn Azərbaycanın adının yüksəklərə qaldırılmasında böyük xidmətləri olan gənclərimizin Şuşada göstərdikləri qəhrəmanlığı torpağa bağlılığın nümunəsi adlandırır. Dəfələrlə qeyd olunduğu kimi, Şuşasız bizim işimiz yarımçıq olar. Şəhərə ziyan vurmadan Şuşanı azad edən əsgərlərimiz şəhid oldular, qazi oldular, müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. «Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün dünya bir həqiqətin şahidi oldu ki, azərbaycanlılarla mübarizə, müharibə aparmaq çox baha başa gələ bilər. Bu əminlik Azərbaycan gəncliyinin simasında əbədiləşir. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə hazırda başqa məsuliyyət düşür. Vətənə bağlılıq, milli mənsubiyyəti ilə qürur duymaq, vətəndaşlığı, dövlət maraqlarını hər şeydən üstün tutmaq, qlobal hədəflərə cavab vermək bacarığı Azərbaycan gəncliyinin gündəlik həyat amalına çevrilib.
Bu gün ölkəmizin həyatında yeni bir mərhələ uğurla davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin miqyası genişdir. Dünya azərbaycanlılarını bir araya gətirən Şuşa qısa zamanda şöhrətini özünə qaytarmasından qürurlanaraq bir ildən artıq dövrdə bərpa etdiyi «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpasından, dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidliyindən, buraya gəlmək üçün Zəfər yolunun salınmasından, bərpa-quruculuq işlərində müasir dövrün tələblərinin qorunması üçün zəruri addımların atılmasından, Prezidentin xüsusi nümayəndəsinin məhz Şuşada fəaliyyət göstərməsindən və sair kimi biri-birindən önəmli hadisələrdən bəhs etdi. Gələn ay Şuşada «Xarıbülbül» musiqi festivalı, iyun ayında isə Vaqif Poeziya Günləri keçiriləcək. Görülən və görüləcək işlər çoxdur və atılan bütün addımların əsasında bir məqsəd dayanır: Azad Qarabağı və azad Şuşanı cənnət məkana, hər bir turistin üz tutacağı məkana çevirmək.
Dövlət başçısı İlham Əliyev Zəfər Qurultayındakı nitqində bir daha postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək hədəfləri açıqladı və bu əminliyi ifadə etdi ki, biz bu torpaqlarda əbədi olacağıq.

