Gündəm 

Qalib xalqın Zəfər Qurultayı

Azərbaycanlıların vahid amal ətrafında sıx birləşməsinin ən bariz nümunələrindən biri də Vətən müharibəsi oldu. Həm ölkədə, həm də ölkə xaricində yaşayan azərbaycanlıları təkcə 44 gün ərzində deyil, 90-cı illərdə də birlik nümayiş etdiriblər.90-cı illərin əvvəllərində siyasi sabitliyin olmaması, dövlətin müstəqilliyinin risk altında olması, torpaqların işğal olunması kimi hadisələrlə Azərbaycan milli tarixinin ən ağır və faciəli dövrlərini yaşayır. Həmin dövrdə etnik, dini, sosial, siyasi müstəvidə ciddi proseslər gedirdi. Xalq isə bu proseslərdən çıxış yolunu ulu öndərdə görərək Azərbaycanın müstəqilliyini süqut etməkdən xilas etdi. Azərbaycanda dövlət quruculuğu isə Ulu öndərin hakimiyyətə gəlməsi ilə başlanıldı. Xalqın doğru seçimi və liderin yüksək idarəçilik bacarığı Azərbaycanı sabitliyə, yüksəlişə, hüquqi, demokratik, dünyəvi, dövlətçiliyə sahib müstəqil ölkəyə çevirdi.  Cənab Prezidentin də dəflərlə qeyd etdiyi kimi, biz həmin günləri unutmamalıyıq. Azərbaycançılıq milli dövlət ideologiyasıdır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

Azərbaycanlıların ümumi məqsəd vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb edən addımlardan biri də Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsidir. İlk dəfə Ulu Öndərin rəhbərliyi ilə 2001-ci ildə keçirilən qurultayda səslənən əsas istəklərdən biri də bu qurultayların Qarabağda keçirilməsi idi. Bəli, bu gün istək artıq reallıqdır. Vətən müharibəsindən qazanılan tarixi zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada  növbəti mötəbər tədbir- Dünya Azərbaycanlılarının V Qurultayı baş tutdu. Bu Qurultayı Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun ilk böyük toplantısı kimi də dəyərləndirə bilərik. Tədbirdə dünyanın 65 müxtəlif ölkəsindən 400-ə yaxın nümayəndə iştirak edib. Beləliklə, dünyanın müxtəlif ölkələrinə yaşayan həmvətənlilərimiz həm erməni vəhşiliyi, həm də Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanını da qazanmış oldular. Məhz bu baxımdan V Qurultayın Şuşada keçirilməsi böyük tarixi hadisədir. Bu mötəbər tədbir eyni zamanda, dünyada yaşayan soydaşlarımzın Qarabağın azad olunmasından sonra ilk böyük görüşü kimi yadda qalacaq. Prezident İlham Əliyevin Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı Azərbaycanın təkcə döyüş meydanında deyil, həyatın bütün sahələrində böyük bacarıq və məharət nümayiş etdirdiyini də vurğuladı. Əlbəttə, Azərbaycan bütün sahələr üzrə inkişaf edərkən öz milli mənəviyyatını, ləyaqətini də qorudu. Bu sahələr içərisində həllediciləri rola malik olan millət quruculuğunu həm ulu öndər Heydər Əliyev, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmişə diqqət mərkəzində saxlayır. bu prosesin əsas komponentindən biri də doğma dilin inkişaf etdirilməsi, xaricdə yaşayan soydaşlarımız tərəfindən unudulmamasıdır.  Qurultayda ölkə başçımız bu məsələyə də toxunmuş, qeyd etmişdir ki, “Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”. Doğurdan da, dünyanın istənilən nöqtəsində yaşamasından asılı olmayaraq bizləri birləşdirən amillər: ana dili, milli kimliyimiz, vahid amala xidmət etməyimizdir. Torpaqlarımızın işğalçılardan azad olunması, parlaq qələbə qazanmağımız vətənimizlə yanaşı, dost-qardaş ölkələrdə, eyni zamanda xaricdə yaşayan azərbaycanlıların olduğu hər bir nöqtədə böyük sevinc və qürur hissi ilə qeyd edildi. Xalq-iqtidar-ordu birliyindən yaranan güc bizi parlaq qələbəyə apardı və bunun sayəsində bu gün hər bir azərbaycanlı müzəffər xalqın nümayəndəsi olaraq fəxr edir.  Dünya azərbaycanlıların Şuşadakı Qurultayı vətən həsrəti çəkən insanlarla bir görüş rolunu oynadı desək yanılmarıq.

Arzu Cahangirova,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri

Daha çox xəbərlər