Koronavirus təhlükəsi bitdimi?..
Azərbaycanda koronavirusun yayıldığı ilk gündən etibarən ona qarşı aparılan hərtərəfli effektiv mübarizə metodları və uğurlu vaksinasiya prosesi xeyli müsbət nəticəyə səbəb olub. Belə ki, artıq ölkədə epidemioloji vəziyyət normallaşıb, yoluxmalar ikirəqəmli, hətta bəzən birəqəmli həddə düşüb, son zamanlar isə ölüm faktı qeydə alınmır.
Azərbaycanda bu günə qədər yeni növ koronavirusa qarşı vətəndaşlara 13 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5, ikinci mərhələ üzrə 4, üç və daha çox doza vaksinlərin isə sayı 3 milyondan çoxdur. Pozitiv nəticədən sonra vurulan “buster” doza vaksinlərinin sayı isə 238 mini keçib.
Respublikamızda pandemiya ilə bağlı müşahidə olunan bu müsbət tendensiya öz növbəsində qapanmaların açılmasına da səbəb olub və bununla da tətbiq olunan qadağaların çoxu aradan qaldırılıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi aradan qaldırılır. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir. Həmçinin qurumun qərarına əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkəmizdə ərazisində xüsusi karantin rejiminin müddəti 1 iyul 2022-ci ilə qədər uzadılıb.
Tibbi maskadan istifadə tələbinin ləğvi yenidən yoluxma artımına səbəb ola bilərmi?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, artıq ölkəmizdə COVID-19 infeksiyasına yoluxma sayı azalıb. Sözsüz ki, bunun da səbəbi vətəndaşlarımızın könüllü şəkildə vaksinasiya prosesinə ciddi yanaşması oldu: “Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi qapanmaların açılmasına səbəb olur. Əsas səbəblərdən biri də “Pmicron” ştammının yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. Məhz bu səbəbdən vətəndaşlarımızın böyük əksəriyyəti virusa yoluxub. Bununla da kütləvi immunitet formalaşıb. Bütün bunlara görə ölkəmizdə pandemiya ilə əlaqədar qadağaların çoxu aradan qaldırıldı. Maska qadağasının yığışdırılması da buna sübutdur. Amma bu o demək deyil ki, koronavirus təhlükəsi bitdi. Koronavirus təhlükəsinin hələ də Yer üzündə tam ram olunmamasını və yeni ştammaları ilə yoluxduruculuğunu davam etdirməsi, habelə dünyada hələ də vaksin olunmayan insanların olduğunu nəzərə alaraq, arxayınlığa qapılmaq olmaz. Çünki elə koronavirus infeksiyasını təhlükəli edən yüksək yoluxduruculuq qabiliyyəti, belə deyək, anidən birdən min yaratması xüsusiyyətidir. Buna görə də dövlətin apardığı hərtərəfli mübarizə və vətəndaş həssaslığı sayəsində qazanılan bu uğuru əldən verməmək üçün bundan sonra da tələb olunan qaydalara riayət etmək vacib şərtdir. Eyni zamanda,maska tələbi ləğv olunsa da, qapalı yerlərdə maska taxılması tövsiyə edilir”.
Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv olunmasına səbəb ola bilərmi?
Deputat onu da diqqətə çatdırdı ki, pandemiyanın davam etdiyi iki ilə yaxın bir müddətdə bütün dünyada bir sıra amillərdən, o cümlədən, COVID-19 ştammlarının aktivliyi, klinik-epidemioloji xüsusiyyətlərindən asılı olaraq dünya mənzərəsində epidemik alovlanmaların müxtəlif xarakterli təzahürləri qeydə alındı: “Bunlara müvafiq olaraq dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zərurəti yarandı. Lakin son yayılan “Omicron” ştammı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən ölkəmizdə aparılan uğurlu vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir. Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır. Müsbət tendensiya bu cür davam edərsə, tezliklə biz COVID-19 pasportunun da ləğv olunmasının şahidi ola bilərik”.

