Azadlığa bir gün qalmış…
Humanizm Prezident İlham Əliyevin siyasətinin tərkib hissəsidir
28 May – Müstəqillik Günü ilə bağlı növbəti əfv Sərəncamı imzalana bilər
Azərbaycan Prezidenti İlham Əliyevin humanist xarakteri imkan verir ki, xalqımızın ən müqəddəs bayramları öncəsi əfv sərəncamları imzalamaqla minlərlə ailəyə sevinc bəxş etsin. Çünki əfv etmək insana həyatını yenidən qurmaq, səhvlərindən nəticə çıxarmaqla yeni və daha işıqlı gələcəyə addımlamaqda dəstək olmaq deməkdir. Artıq növbəti dəfə belə bir humanitis aksiyanın astanasındayıq. Belə ki, artıq Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayıb. İclaslarda məhkumların, onların vəkillərinin müraciətləri, eyni zamanda, Ombudsman təsisatının, QHT-lərin, deputatların məhkumlarla bağlı müracitələri müzakirəyə çıxarılıb.
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev bu məsələ ilə bağlı «İki sahil»ə açıqlamasında bildirdi ki, xeyli müddətdir ki, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru və Əfv Məsələləri Komissiyasının katibliyi daxil olan hər bir müraciətlə bağlı məlumatlar toplayaraq rəylər alır və müvafiq arayışlar hazırlayırlar: «Arayışlar davamlı olaraq Əfv Məsələləri Komissiyasının sədrinə təqdim olunur. Arayışların təqdim olunması prosesinin başa çatmasından sonra ƏfvMəsələləri Komissiyasının sədri tərəfindən iclaslar təyin edilir. Bu gün artıq komissiyanın ilk iclası planlaşdırılıb.»
Ə.Nuriyevin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman öz fəaliyyətində humanizm, mərhəmət və şəfqət prinsiplərini əsas götürür: «Təsadüfi deyil ki, 2003-cü ildən bu zamana qədər cənab İlham Əliyev tərəfindən 35 əfv Sərəncamı imzalanıb, nəticədə 5000-dən artıq şəxs cəzadan azad edilib və ya cəzası azaldılıb. Əlamətdar günlərdə cəmiyyətdə Prezident İlham Əliyevin əfv Sərəncamı imzalayacağı ilə əlaqədar gözlənti olur. İstisna deyil ki, 28 May – Müstəqillik Günü ilə bağlı növbəti əfv Sərəncamı ola bilər. Əlbəttə ki, əfv etmək hüququ cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Amma Əfv Məsələləri Komissiyasının iclaslarından sonra bir qayda olaraq əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Yenə də istisna edilmir. Lakin qeyd etdiyim kimi, nə zaman imzalanması və kimlərə şamil olunması Prezident İlham Əliyevin konstitusion səlahiyyətlərinə daxildir».
Bəli, əvvəldə qeyd etdiyimiz kimi, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib. Azərbaycan Prezidenti indiyə qədər bir çox əfv sərəncamları imzalamaqla minlərlə insanı azadlığa qovuşdurub. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları minlərlə şəxsi əhatə edib. İmzalan əfv sərəncamları və amnistiya aktları bir daha sübut edir ki, Prezident İlham Əliyev cəza siyasətinin humanistləşdirilməsinin tərəfdarı olmaqla əfv olunanların bundan sonra da ölkəmizin mövcud sosial-iqtisadi inkişafı proseslərində fəal iştirakını istəyir.

