Narkomaniyaya qarşı mübarizədə qətiyyətli olmalıyıq
Narkomanlıq sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Çünki o, eyni zamanda, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da narkotik və psixotrop maddələrdən istifadə bir çox gəncin öz həyatını məhv etməsi ilə nəticələnib. İlk dəfəsi belə asılılıq yaradır və bir göz qırpımında insan həyatını cəhənnəmə çevirir.
Narkodilerlər, yəni narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Onlar maddi vəziyyəti aşağı olan gəncləri tapdıqları kimi, asanlıqla maddi imkanı yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edən gənclər isə sonradan cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-ə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir yükə çevrilir. Narkomaniya mütəmadi, artan dozada narkotik vasitələrin istifadəsi zamanı, narkotik vasitələrdən psixi və fiziki asılılıq formalaşması ilə xarakterizə olunan xəstəlikdir. Mütəxəssislər bildirirlər ki, narkomaniyanın əsas əlamətlərindən biri narkotik vasitələrdən sui-istifadə zamanı reaktivliyin dəyişilməsidir. Bu, özünü narkotik vasitələrə patoloji meyillilik, dəyişilmiş tolerantlıq, narkotik vasitədən imtina zamanı abstinent sindromun inkişafı ilə ifadə edir. Müqayisəli olaraq narkomaniyanın formalarının və onların inkişafının öyrənilməsi narkomaniya üçün ortaq olan simptomların diaqnostikasında mühüm rol oynayır.
Artıq illərdir ki, istər orta məktəblərdə təhsil alan şagirdlər, istər ali təhsil olacaqlarında gənclər, istərsə də müxtəlif bu istiqamətli tədbirlərdə iştirakçılara narkotikin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, yaratdığı QİÇS və bir sıra başqa qorxunc xəstəliklər və bəlalar, eyni zamanda onların aradan qaldırılması barədə maarifləndirici məlumatlar verilir. Bu işdə həm cəmiyyətin ayrı-ayrı üzvlərinin, həm dövlət siyasətinin, həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının birliyi zaman keçdikcə daha müsbət nəticələrin əldə olunmasını stimullaşdırır.
Lakin, ilk növbədə, ailələr öz övladlarıbın sosial maraqlarına diqqət etməli, problemlləri və qayğıları ilə maraqlanmalı, onları faydalı istiqamətlərə yönləndirməlidirlər. Onların fiziki və ya yaradıcı imkanlarına uyğun olaraq istiqamət verməklə sağlam həyat tərzi, düzgün həyat rejimini təmin edəcək maraq dairələrinin formalaşmasına dəstək olmalıdırlar. Məsələn, müxtəlif idman sahələrinə maraq göstərən uşaqların fiziki üstünlüklərini nəzərə alaraq bu yöndə dəstək olmaqla, hər hansı yaradıcılıq qabiliyyəti olanları həmin sahə üzrə istiqamətləndirmək və ya ən sadə halda onlara hər hansı hobbi sahibi olmaqda maraq yaratmaqla mənəvi və fiziki sağlamlıqlarını möhkəmləndirmək üçün əyləncəli və maraqlı üsulların olduğunu təlqin edə bilər və beləliklə fərdi münasibətlərdən başlayaraq addım-addım bu və ya digər mübarizə metodları üzərindən birlik olub sağlam gəncliyin formalaşmasına və onları zərərli vərdişlərdən qorumağa nail ola bilərlər.
Gələcəyimizi hər cəhətdən sağlam və uğurlu görmək ən böyük arzumuzdur. Bu səbəbdən insan həyatını hər mənada iflic edən bu ümumbəşəri bəlaya qarşı mübarizədə hər zaman birlik göstərməli və qətiyyətli olmalıyıq.

