Cəmiyyət 

“Dayaq” dayaq durur

Şəhid ailələri və qazilər üçün növbəti iftar süfrəsi

“Benilüks” Azərbaycanlıları Konqresinin və «Dayaq» Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının  birgə təşkilatçılığı, “Yüksəliş Gənclər Hərəkatı”nın  tərəfdaşlığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilib.

İftar süfrəsində “Benilüks” Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu qeyd edib. Bildirib ki, bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verdi.

Elsevər Məmmədov xüsusi qeyd edib ki, “Benilüks”  Azərbaycanlıları Konqresi «Dayaq» təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində müharibə və postmüharibə dövründə şəhid ailələri və Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vətənimizdə müxtəlif formatlı layihələrdə iştirak etmiş və Azərbaycan diasporuna dəstəyini göstərmişdir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev  müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələrini və tədbir iştirakçıları təbrik edib. O, iftar məclisində iştirak edən ailələrin qəhrəmanlarımızın bizlərə əmanətləri olduğunu, məhz həmin oğullarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında tarix yazdığını, haqq savaşımızda şücaət göstərərək, düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməklə xalqımıza möhtəşəm Qələbə bəxş etdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədr müavini Adil Əliyev tədbirdə çıxış edərək bildirib ki,  biz işğalçı və vandal Ermənistan üzərində Zəfər qazandıq: «Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. İki yüz ildən bəri himayəçilərinin hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan dövlət yaradıb xalqımıza qarşı qırğınlar törədən ermənilər nəhayət layiq olduqları cavabı aldılar, ədalət Zəfər çaldı. Torpaqlarımızı işğaldan azad etməklə bərabər, əyilən qəddimizi düzəldən, zədələnən qürurumuzu özümüzə qaytaran Ali Baş Komandanımıza, igid əsgər və zabitlərimizə dərin təşəkkürümü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.»

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, biz Qarabağ uğrunda savaşda qalib gəldik və ərazi bütövlüyümüzü təmin etdik. Lakin dünya erməniləri ilə mübarizəmiz davam edir.  Bu mübarizədə yenə də dövlətimizlə, Prezidentimizlə, güclü müzəffər ordumuzla bərabər olmalı və bütün cəbhələrdə vandal düşmən üzərində tam qələbəmizi sona çatdırmalıyıq.

Prezident İlham Əliyevin tapşırığı ilə Dünya Azərbaycanlılarının Qurultayının məhz erməni işğalından azad edilmiş, Azərbaycanın mədəniyyət paytaxtı əziz və doğma Şuşa şəhərində keçirilməsi qürurverici hadisədir.

Qeyd edək ki, iftar süfrəsində şəhid ailələri, qazilər, millət vəkilləri, rəsmilər, media nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

 

Daha çox xəbərlər