Mehriban qonşuluq, strateji tərəfdaşlıq
Azərbaycan-Gürcüstan münasibətləri: Ölkərimizin gələcəyinə xidmət edən unikal regional əməkdaşlıq formatı
Tarixən qonşu, həmçinin strateji tərəfdaş sayılan ölkələrimiz hər zaman öz nümunəvi qonşuluq münasibətləri ilə seçiliblər
Diplomatik əlaqələrinin 30-cu ildönümü ərəfəsində Azərbaycan və Gürcüstan əlaqələri yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf edərək siyasi, iqtisadi, nəqliyyat, ticarət, humanitar məsələlərdə möhkəm və uğurlu işbirliyinə, sıx əməkdaşlığa zəmin yaradır.
Ümumiyyətlə, çox qədim tarixə malik olan Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. Ölkələrimiz arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub. Beləliklə, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb. İki dövlət arasında birgə iqtisadi komissiyanın səmərəli işi də əməkdaşlığı getdikcə gücləndirib. Bundan başqa, hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu təsis edilib və 2010-cu ilin dekabrından Baş Konsulluq rəsmi fəaliyyətə başlayıb. Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu isə 12 dekabr 2013-cü il tarixindən etibarən rəsmi fəaliyyət göstərməkdədir.
Son 30 ildə Azərbaycan ilə Gürcüstanın dövlət və hökumət başçıları, parlament sədrləri, nazirləri səviyyəsində qarşılıqlı səfərlər təşkil olunub, ölkələr arasında 1 134 müqavilə imzalanıb və icra edilib: Hazırda dövlət arasında 19 müqaviləyə baxılmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2020-ci ildə 536 milyon 218.16 min ABŞ dolları təşkil edib. 2021-ci ildə isə bu rəqəm 763 miyon 695.05 min ABŞ dolları həddinə çatıb. 2022-ci ilin birinci rübünə olan statistik məlumatlara əsasən, artıq ticarət dövriyyəsi 234 milyon 301.96 min ABŞ dollarıdır.
Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr arasında Türkiyədən sonra ikinci yerdədir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar həcmində sərmayə yatırıb. Bu gün Gürcüstanda minlərlə Azərbaycan şirkəti fəaliyyət göstərir. Onların 40-dan çoxu məhz Kvemo Kartli-Borçalı bölgəsindədir. Təkcə 2021-ci ildə 200-dən çox yeni şirkət qeydiyyata alınıb. Azərbaycan şirkətləri Gürcüstanda digər sahələrə də böyük məbləğdə investisiya qoymaqla məşğul olurlar. Azərbaycan sahibkarları Gürcüstanın Batumi və digər şəhərlərində öz işlərini qururlar. Qeyd edək ki, gürcüstanlı iş adamları da Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir, ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirlər.
Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və bu sahədə həmişə özünü etibarlı tərəfdaş kimi göstərməkdədir. Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars, TAP, TANAP və s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Hər iki ölkə mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirib. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti beynəlxalq maliyyə institutlarının maliyyələşdirməkdən çəkindiyi Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq, Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb. Məhz həmin iradənin nəticəsidir ki, bu gün Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımalar artıq geniş həcmdə həyata keçirilməkdədir.
Azərbaycan, eyni zamanda, Gürcüstana sərmayə yatıran əsas ölkədir. SOCAR-ın xətti ilə Gürcüstanda görülən işlər bu ölkənin iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir. Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin inkişafının qardaş Türkiyəni də əhatə etməsi regionda üçtərəfli əməkdaşlığın unikal formatını təmin edir. Azərbaycandan və digər dövlətlərdən neft və təbii qazın dünya bazarlarına çıxarılması üçün nəqliyyat-kommunikasiya xətlərinin yaradılması sahəsində hər üç ölkənin səmərəli əməkdaşlıq etməsini buna misal göstərmək olar.
Azərbaycan hökuməti, həmçinin Gürcüstanda humanitar layihələrin reallaşmasına yardım edir. Heydər Əliyev Fondunun, eləcə də SOCAR-ın dəstəyi ilə Gürcüstanda yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, əsaslı təmir olunur.
Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Gürcüstan ədalətli mövqe tutub və ölkəmizə dəstək göstərib. Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul etməsi bu əlaqələrin davamlılığına dəlalət edir. Dövlətimizin başçısı, ilk növbədə, İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb. Dövlətimizin başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu diqqətə çatdırıb. İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb.
Qısa təhlil əsasında bu qənaətə gəlmək olar ki, mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmlənməsi hər iki ölkənin gələcəyi və milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

